Azərbaycanda yeniyetmələrin intiharında "Mavi balina" izi - ARAŞDIRMA
    • 23-07-2019, 16:35
    • 1 071

Azərbaycanda yeniyetmələrin intiharında "Mavi balina" izi - ARAŞDIRMA

İyunun 19-da Şəki rayonunun Oxut kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədli özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Bəzi iddialara görə, o, “Mavi balina” oynayıb və oyunun təsiri altında həyatına son qoyub.

Oxut kənd bələdiyyəsindən “Report”a bildirilib ki, intihar faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır: “Hələ istintaq gedir. Tam dəqiq səbəb bilinməsə də, deyilənlərə görə, uşağın əlində çox vaxt telefon olub. Hansısa internet oyunu oynayırmış”.
Lakin E.Məmmədlinin intiharı ölkədə "Mavi balina" oyununun təsiri altında baş verdiyi güman olunan yeganə ölüm faktı deyil.  
"Report"un əməkdaşı "Mavi balina"nın Azərbaycanda yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb-görülmədiyini araşdırıb. 

Şübhəli intiharlar
Belə ki, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asıb. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.
Həmin ilin dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. İntiharın adıçəkilən oyun səbəbəbindən baş verdiyi bildirilib.
2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun da meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Atası övladının “Mavi balina” oynadığını və bu səbəbdən intihar etdiyini deyib. 

2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə də özünü asaraq intihar edib. Yeniyetmənin valideynləri onun internetdə “Mavi balina” adlı oyun oynadığını bildiriblər.
Bəs psixoloji cəhətdən tam formalaşmamış, həyatın çətinliklərinə alışmamış yeniyetmələri intihara sürükləyən "Mavi balina" oyunu nədir?
Qeyri-rəsmi məlumatlara əsasən, "Mavi balina"nı daha çox 9-15 yaşlı uşaq və yeniyetmələr oynayır. Bu oyunu oynadıqdan sonra intihara sürüklənən şəxslərlə bağlı statistik göstəricilər "Mavi balina"ya daha çox yuxarıda qeyd olunan yaşda olan şəxslərin maraq göstərdiyini təsdiqləyir.
Oyun 50 təlimatdan ibarətdir. "Mavi balina" ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. Məqsədi gəncləri cəlb etməkdir. "Mavi balina" oynayanlara ilk mərhələdə yüngül işlər tapşırılır, sonra getdikcə tapşırıqlar çətinləşir. Sonuncu göstəriş isə intiharla bağlı olur. Bu oyun səbəbindən ilk intihar 2015-ci ildə reallaşıb.
Rusiyanın "Novoya" qəzetinin xəbərinə görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər Rusiyada 130 gənc bu oyunun təsirindən intihar edib.
Qanun var, amma...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, ölkədə uşaqların internet təhlükəsizliyinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Qeyd olunub ki, “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir: “Dövlət Komitəsi bu sahədə çox aktivdir. Tərəfimizdən uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk təkmilləşdirilir, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. 

Ötən il Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və cənab Prezident tərəfindən imzalanıb. Qanun 2020-ci ildə qüvvəyə minəcək. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşdirilib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir".
Hansı oyunlara filtr qoyulub? 
Dövlət Komitəsindən bildirilib ki, bundan əlavə, bu sahədə bir çox layihələr həyata keçirilir: "Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bankın birgə layihəsi çərçivəsində yaradılan www.kidsafe.az proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. Proqramda daxili 10000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunub. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunub. 

Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistemi də yaradılıb ki, valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür. Uşaqlarımız kompüter istifadə edərkən həm özləri həm də kompüterlərdəki məlumatları üçün təhlükəsizlik baxımından risklər meydana gələ bilər. Uşaqlar pis niyyətli kəslər üçün asan hədəf ola bilər. Buna görə valideynlər internetdəki potensial təhlükələr mövzusunda məlumatlı olmalı və uşaqlarını bu mövzularda maarifləndirməlidirlər. Uşaqlar üçün onlayn təhlükələri və düzgün istifadəni “Valideyn-internet təhlükəsizlik və nəzarət” proqram təminatı vasitəsilə həyata keçirmək mümkündür”.
Dövlət Komitəsi bununla bağlı artıq məktəblərdə də maarifləndirmə işlərinə başlayıb: "Bakı şəhəri üzrə orta məktəbdə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlimlər keçirilib. Təlimlər yeni tədris ili başlayandan sonra da yenidən davam etdiriləcək və təlimlərə şagirdlərlə bərabər valideynlər də cəlb ediləcək".
Nazirlik: Bizdə mövcud deyil
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bundan öncə də “Mavi balina” adlı oyunla bağlı Nazirlik tərəfindən ictimaiyyətin məlumatlandırılması həyata keçirilib:  "Mavi balina" adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir. Belə ki, sosial şəbəkələrdə müəyyən “hashtag” və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir. Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filtr tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan “hashtag”ları bloklayır. İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom” MMC, həm də “Bakı Telefon Rabitəsi” MMC internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz internet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər. Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar".

NRYTN-dən bildirilib ki, məsələ ilə bağlı Nazirliyin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti valideynlərə yetkinlik yaşına çatmayan uşaqların internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməyi tövsiyə edir: "Eyni zamanda valideynlərin uşaqların psixoloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur. Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur. Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət ­­­sistemi üzrə alətlərin quraşdırılması vacibdir. Valideynlərə övladlarının “Mavi balina” oyununu oynadığını hiss etdikdə, ilk növbədə, bütün elektron qurğulardan internetə daxilolmanı dayandırmaq məsləhət görülür”.
Qanunvericilikdə boşluq var
Məsələ ilə bağlı "Report"a danışan hüquqşünas Asif Abdullayev Azərbaycan qanunvericiliyində özünü öldürmə həddinə çatdırmağa görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu xatırladıb: “Amma "Mavi balina" oyununu (onu idarə edən cavabdeh şəxsləri) özünü öldürmə həddinə çatdırmaqda ittiham etmək üçün bəzi əsaslar olmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 125-ci maddəsi, şəxsin özünü öldürmə həddinə çatdırılmasına dair məsuliyyəti müəyyən edir. Həmin maddəyə əsasən, təqsirkardan maddi, xidməti və s. cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhdi həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Cinayət Məcəlləsinin 125-ci maddəsi "Mavi balina"nın əməllərinə uyğun gəlmir. Çünki burada hədə-qorxu, amansız rəftar etmə, ləyaqəti alçaltma kimi hallar mövcud deyil".

Hüquqşünasın sözlərinə görə, "Mavi balina" haqqında internetdən məlumat əldə edib: "Oyunu idarə edən şəxslər öz qurbanlarına psixoloji təsir edərək onları özlərinə qəsd etməyə yönəldirlər. Azərbaycan qanunvericiliyində isə bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Düşünürəm ki, qanunvericilik hər zaman təkmilləşməli və sürətlə inkişaf edən texnologiyaya uyğun olmalıdır. Qanunvericilikdə özünü öldürməyə təhrik etmək, həvəsləndirmək, bu cür qərar qəbul etməyə təsir etmək də cinayət məsuliyyəti yaradan əməl kimi əks olunmalıdır. Uşaqların zərərli informasiyadan qorunması sahəsində ciddi addımlardan biri də, "Uşaqların zərərli informasiyadan qorunması" haqqında qanunun qəbul edilməsi olub. Qanun 2018-ci ilin oktyabr ayında qəbul edilsə də, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Həmin qanunda bir sıra mühüm məsələlər öz həllini tapır. Misal üçün, həmin qanunda informasiyanın yaş meyarı üzrə məhdudlaşdırılması, uşaqların həyat və sağlamlığına təsir edən (həmçinin intihara yönəldən) informasiyanın dövriyyəyə buraxılmaması, qorxu məzmunlu informasiyanın məhdudlaşdırılması və  bu kimi digər məsələlər öz əksini tapıb".
A.Abdullayev bildirib ki, ümumiyyətlə, internet resursları üzərindən uşaqların həyat və sağlamlığına təhlükə yaradan resursların qarşısını almaq üçün təkcə hüquqi yanaşma kifayət ola bilməz: "Burada əsas meyar məsələnin texniki həllidir. Əsas hədəf uşaqlara mənfi təsir edə biləcək resursların vaxtında aşkar edilməsi və qarşısının alınmasıdır. Ümid edək ki, yaradılmış qanunvericilik bazası və müvafiq sahənin mütəxəssisləri uşaqların həyat və sağlamlığına təhlükə yarada biləcək halların qarşısını ala biləcək".
Deputat günahı valideynlərdə görür
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva "Report"a açıqlamasında bildirib ki, "Uşaqların zərərli informasiyadan qorunması" haqqında qanunda uşaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər yer alıb: "Ümumiyyətlə, uşaqların internet oyunları oynamağına qarşıyam. Bu oyunlar uşaqları cəmiyyətdən, ailədən ayırır, onların sosiallaşmasının qarşısını alır. Üstəlik asılılıq yaradır ki, bu da gələcəkdə problemlərə gətirib çıxarır. Həmin oyunlar adrenalin yaratdığına görə uşaq böyüdükcə bu adrenalini başqa yerlərdə axtarır. Həmçinin təhsilin keyfiyyəti aşağı düşür. 

O vurğulayıb ki, valideynlər uşaqları qorumaq sahəsində məsuliyyət hiss etməlidir və övladlarına limit, məhdudiyyət qoymalıdırlar: "Özləri sərbəst olsunlar deyə uşaqların əllərinə telefon, planşet verirlər. Bu olmaz. Konstitusiyada da yazılıb ki, övlad üçün məsuliyyəti ilk olaraq valideyn daşıyır: Daha sonra dövlət və digər orqanlar. Valideynin övladına qayğı göstərməsi və onu bütün zərərli təsirlərdən qoruması hüquqi və mənəvi borcudur".
Psixoloqdan qadağa təklifi
Psixoloq Kəmalə Baxışın sözlərinə görə, bu oyuna, adətən, sosiallaşmamış, valideyn nəzarəti olmadan daim kompüter qarşısında olan 9-15 yaşlı uşaqlar cəlb oluna bilərlər: "Bunun qarşısını almaq üçün çox sadə bir yol var: uşaqlarına sərbəstlik verən, kompüterdən istifadəsinə mane olmayan valideynlər üçün “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (www.kidsafe.az) adlanan proqram var. Ondan istifadə edilməlidir. Bu oyun rahatlıqla tapılan bir oyun deyil. O, uşaqlarda asılılıq yaradır. Valideynlər uşaqlarında özünəqapanma, harasa getmək istəyinin olmamasını, hərəkətlərində dəyişiklik müşahidə edərlərsə, diqqətli olmalı və nəzarəti artırmalıdırlar".
Onun fikrincə, 16-18 yaşına qədər yeniyetmələr heç bir şəbəkədə iştirak etməməlidir: "Valideyn kompüterdə övladının hansı şəbəkələrə girməsi, istifadə etməsinə tarixçədən baxa bilərlər. Bəzən uşaqlara kasetlərdə disklərdə oyunlar satılır. Həmin vasitələrdə də "Mavi balina" oyununa çıxışlar ola bilər. Valideyn özü övladının baxdığı oyunlara, videolara özü tam baxdıqdan və təhlükəsizliyinə əmin olduqdan sonra uşağa icazə verə bilər".