“Palçıq vulkanlarının diyarı” Azərbaycan +ARAŞDIRMA
    • 26-07-2019, 22:49
    • 2 859

“Palçıq vulkanlarının diyarı” Azərbaycan +ARAŞDIRMA

Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yer tutur.
News24.az xəbər verir ki, statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanlarının “Pilpilə”, “Yanardağ”, “Bozdağ”, “Axtarma”, “Qaynaca” və s. yerli adları da vardır. Tarixi məlumatlara görə, Azərbaycan ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 milyon il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə çatır. Azərbaycanda 1810-cu ildən indiyədəK 50 vulkan təqribən 200 dəfə püskürüb.
Palçıq vulkanları əsasən fəaliyyət göstərən və sönmüş olurlar. Təbiətdə hündür və alçaq, sualtı və yeraltı vulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Palçıq vulkanları kimya və tikinti sənayesi, həmçinin farmakologiya üçün xammal mənbəyi rolunu oynayır. Vulkanların gili, palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.
Onların tərkibində bir çox kimyəvi elementlər vardır. Palçıq vulkanları təbii laboratoriyalar olaraq alimlər üçün bir növ xəzinədir. Bu vulkanlar neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə, palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Eyni zamanda, vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə zəlzələlərin baş verməsi və belə hadisələrin proqnozlaşdırılmasında da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılıb. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub-şərq batımının, Küryanı ovalığın, Bakı arxipelaqı, Abşeron yarımadası və Abşeron arxipelaqının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayır.
Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılması haqqında Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq artıq 50 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilib.
Dövlətimizin başçısının Sərəncamında, həmçinin palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması da önə çəkilib.
Dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Dünyada “Palçıq vulkanlarının diyarı” kimi tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş etdiyi bu imkandan yetərincə yararlanmaq üçün lazımi işlər görülməkdədir. Əgər Azərbaycanın palçıq vulkanları dünyanın 7 təbiət möcüzəsindən biri kimi tanınsa, gələcəkdə ekoturizmin inkişafı baxımından böyük nailiyyət əldə edə biləcəyik.
Yeri gəlmişkən qeyd edək ki, AMEA-nın Geologiya İnstitutu palçıq vulkanlarından turizm məqsədi ilə istifadə edilməsi üçün “Bələdçi” sorğu kitabı hazırlayəb. Kitabda 25 vulkan barəsində məlumat verilib.
Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet məqsədlərindən biri elan edildiyi indiki mərhələdə Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici yerlərə çevirmək olar. Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist həmin palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac vardır.
Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir.