Böyürtkən yüksək təzyiqə, şəkərə qarşı təsirli vasitədir
    • 31-07-2019, 00:00
    • 2 424

Böyürtkən yüksək təzyiqə, şəkərə qarşı təsirli vasitədir

Böyürtkən ən geniş yayılmış kol bitkisidir, dərman vasitəsi kimi onun meyvə və yarpaqlarından istifadə olunur. Yarpaqları çiçək açan vaxt, meyvələri isə yetişəndə yığılır. Meyvələri və şirəsi susuzluğu yaxşı yatırır. Meyvələrindən mürəbbə, cem, konserv, şirə və içki cövhərləri hazırlanır.
Qədim təbiblərdən Dioskorid böyürtkənin təzə yarpaqlarını əzərək onun həlimindən dəri zədələnməsi, ekzema və irinli yaralarda tətbiq edib. Məşhur rus şairi A. S. Puşkin isə ölümündən qabaq böyürtkən mürəbbəsi istəyib.
News24.az  xəbər verir ki, bitkinin yarpaqlarının həlimi tərlədici, köklərinin həlimi sidikqovucu, yarpaqlarının və cavan zoğlarının həlimi və çayı angina və somatitdə məlhəm kimi və vanna şəklində işlədilir. Təzə və quru meyvələrinin həlimi və yaxud dəmləməsi susuzluğa qarşı yaxşı vasitədir, hərarəti aşağı salır, onu kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görürlər. Qurudulmuş meyvələri və mürəbbəsinin çayı tərlədici və sidikqovucu təsirə malikdir. Meyvələri mədə-bağırsağın fəaliyyətini tənzimləyir, həzmi yaxşılaşdırır, sistit və böyrək xəstəlikləri zamanı faydalı təsir edir. Öskürək, mədə qanaxması, qaraciyər xəstəlikləri, əsəb pozğunluğu və təngnəfəslikdə böyürtkən dəmləməsi içilir.
Böyürtkən həm də ağrılara, yüksək təzyiqə, şəkər və tənəffüs yolu xəstəliklərinə qarşı təsirli vasitədir. Kiçik yaraları sağaltmaq üçün böyürtkən istifadə etmək olar, onu yaraya çəkəndə sağalma prosesi sürətlənir. Qəbizliyi aradan qaldırır və toxluq hissi yaradır. Böyürtkən kökünün dəmləməsi böyrək daşlarının tökülməsinə kömək edir. Böyürtkənin tərkibindəki aktiv maddələr xərçəng hüceyrələri və şişin böyüməsinə mane olur.