Qələbə sonrası Qurbanov:
    • 1-08-2019, 00:39
    • 973

Qələbə sonrası Qurbanov: "Oyunçularımız intizamlı oyunla azarkeşlərə qələbə hədiyyə etdilər"


“Futbolçularımı təbrik edirəm. Bu gün intizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşmışdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçularıma təşəkkür edirəm".
 
News24.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinın "Dundalk"la cavab görüşündən (3:0) sonra mətbuat konfransında deyib.

-  Oyun gərgin keçdi. Rəqib kollektiv şəkildə formalaşmış, xarakterli komanda idi. Bura da iddialı gəlmişdilər, inamlı danışırdılar. Oyunçularımız intizamlı oyunla rəqibin qarşısını aldı və azarkeşlərə qələbə hədiyyə etdilər.

-  Meydanda ən yaxşı olan yerli futbolçu Rəşad Sadıqov idi. Ümumiyyətlə, yerlilərin çıxışından razı qaldınız?

- Futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edər, digəri sığortalayar. Rəşadın bu oyununa görə sevinirəm. Hər biri həddən artıq əziyyət çəkdi. Onların əziyyətini itirə bilmərik.

- Oyunboyu üstünlük sizin tərəfinizdə olsa da, ikinci hissədə müəyyən vaxtlarda konsentrasiya sanki itdi. Bu nə ilə bağlıdır?

- 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Məğlub olan komanda istər-istəməz sürəti artırır, aktiv olur. Bəzi səhvlər oldu. Bir neçə dəqiqə cərimə meydançamıza yaxın olduq. Məsələn, cərimə zərbələrindən sonra istər-istəməz belə alınır. 90 dəqiqə dayanmadan hücum etmək mümkün deyil.

- Ozobiçin zədəsi nə yerdədir?

- Sabah daha dəqiq bilinəcək. Düşünürəm ki, tam ciddi olmasa da, yüngül zədə də deyil. Çünki zədə diz nahiyəsindən olmuşdu.

- APOEL-in məşqçiləri də oyunu izləyirdilər. Siz necə, onların oyununu izləmisiniz?

- Xeyr. Bu komandalara ümumi diqqət ayırırıq. Çempionatın səviyyəsi üçün bu komandaların oyunlarına baxırıq. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir.

- Oyunun gedişində azarkeşlərə qarşı polisin belə münasibət bəsləməsi nə dərəcədə doğrudur?

- Məncə, onlar  mehriban düşməndilər. Əksər oyunlarda belə olub. Aralarında problem yaranıb, sonra azarkeşləri buraxıblar. Həmişə azarkeşlərimizin yanında olmuşuq. Məncə, mehriban düşmən yox, dost olmaq lazımdır.

- “Partizani”, yoxsa bugünkü oyunda daha çox həyəcanlandınız?

- Hər komandanın fərqli oyun üslubu var idi. Amma “Dundalk” bizə qarşı çox ciddi müqavimət göstərdi. “Partizani”nin ancaq müdafiə olunduğunu bilirdik. Ancaq bu komanda həm müdafiə olunur, həm də hücum edirdi.

- APOEL Kiprdə yerləşir və orda Azərbaycana qarşı heç də yaxşı münasibət göstərmirlər. Bunu  “Neftçi”nin oyunu zamanı görmüşük. Buna psixoloji cəhətdən komanda hazır olacaqmı?

- Bu, idmandır. Biz ilk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaq və qalib gəlməyin yollarını axtarmaqdır. Sırf idman prinsiplərinə riayət edirik.