Zaqatalada içməli  suda QURDLAR TAPILDI- VİDEO
    • 2-08-2019, 19:17
    • 771

Zaqatalada içməli suda QURDLAR TAPILDI- VİDEO

Zaqatala rayonunda içməli suda qəribə, uzun qurdlar tapılıb. 

Bu haqda News24.az-a rayonun Muxax kənd sakini Tacəddin Əliyev şikayətində bildirib. 
Onun sözlərinə görə, həyətinə gələn su xəttində uzun və qəribə qurdlar aşkarlanıb. Kənd sakini bu xoşagəlməz olayı videoya çəkib və sosial şəbəkədə paylaşıb: “Bu, birinci dəfə deyil. Belə hallar dəfələrlə olub. İçdiyimiz sudan buna bənzər başqa-başqa qurdlar da çıxıb. Çəkdiyim bu videodakı qurdlar həyətimizə gələn su xəttindən tapılıb”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, qurdların yaranmasına səbəb suyun durğunluğu olub: “Axar suda qurd olmur. Adətən belə canlılar dayanmış su hövzələrində yaranır. Bakının mərkəzində yerləşən hündürmərtəbəli evlərin ayrıca özlərinin su anbarları olur. Bu anbarlar “Azərsu”ya tabe deyil. Yeni tikilən binalarda sularda müxtəlif qurdların olmasına rast gəlinir. Bunun da səbəbi odur ki, anbarlarda təmizlənmə işləri aparılmır.  Orada həşrat qalıqları və s. qala bilir. Ona görə də yeni tikilən binalardakı su anbarlarına nəzarət edənlər həmin mənbələrə müntəzəm təmizləmə aparmalıdırlar. Rayonlara gəlincə, böyük ehtimalla ordakı su anbarı da vaxtkı-vaxtında təmizlənmir. Bu da çox arzuolunmaz haldır. Düşünürəm ki, bu işə məsul olan dövlət orqanları ictimaiyyətin nəzarəti ilə orda təcili iş aparmalıdır”.

Məsələ ilə bağlı Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Ərşad Hümbətovla əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında  məsələyə belə aydınlıq gətirdi: "Лənd sakininin bu şikayəti ciddi şəkildə araşdırılır. Bu gün  Zaqatala rayon icra hakimiyyəti başçısının Muxax kəndi üzrə ərazi nümayəndəsi Hacıkərim Şabanov və mərkəzimizin sanitar həkimi ilə birgə Tacəddin Əliyevin həyətyanı sahəsində baxış keçirdik. Baxış zamanı T.Əliyev bizə məlumat verdi ki, bu çəkiliş bir il əvvəl olub. Vaxtilə orda suda problem var idi və belə hallar baş verirdi. Hazırda isə bununla bağlı hər hansı şikayət yoxdur. Buna rəğmən, biz yenə də sözügedən ərazidə - həm suyun mənbəyindən, həm də Tacəddin Əliyevin həyətindəki su xəttindən baktereoloji, sanitar- kimyəvi nümunələr götürdük. Həmin nümunələr laboratoriyamızda müayinə ediləcək. Bir neçə günə cavablar bəlli olacaq”.