Bakıda şöbə müdiri 50-dən çox şəxsdən rüşvət alıb – YENİ FAKTLAR
    • 3-08-2019, 15:19
    • 839

Bakıda şöbə müdiri 50-dən çox şəxsdən rüşvət alıb – YENİ FAKTLAR

Rüşvət almada ittiham olunan Narkoloji Mərkəzin sabiq şöbə müdiri Afət Məmmədova Ali Məhkəməməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 311-ci, yəni rüşvət alma maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində hökm çıxarılan keçmiş şöbə müdiri işə yenidən baxılmasını və ona bəraət verilməsini xahiş edib. Şikayət hakim İmran Hacıqayıbovun icraatına verilib. İş üzrə 54 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Daha sonra mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, rüşvət almada ittiham edilən şöbə müdiri Afət Məmmədova saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və M.Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib.  Eyni zamanda, hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.