Sumqayıtda yeni iş imkanı- 2 min insan “Azərikimya” İB-nin layihəsinə cəlb olunacaq
    • 10-08-2019, 11:09
    • 613

Sumqayıtda yeni iş imkanı- 2 min insan “Azərikimya” İB-nin layihəsinə cəlb olunacaq

Ölkənin kimya sənayesinin avanqardı olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üçün 2 mindən çox işçi cəlb olunacaq. 


Bunu Sumqayıt şəhər İcra Hakimiyyətinin (SŞİH) başçısı Zakir Fərəcov 2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağında bildirib. 


SŞİH-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, icra başçısı bildirib ki, layihə çərçivəsində EP-300 qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq. 


“SOCAR Polymer” MMC müəssisələrininxammal və enerji ilə təminatına daha çox üstünlükveriləcək. EP-300 zavodunun “Buxar Generatoru”nun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərikimya” İB bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1,0 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq. 


Hesabat məruzəsində o da vurğulanıb ki, 2019 - 2023-cü illəri əhatə edən yeni Dövlət Proqramında Sumqayıt şəhəri üzrə 14 tədbir müəyyən edilib. Sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən, iplik, sabun və gigiyenik məhsullar, selüloz, müxtəlif profnastillər və kasset panellər, şərab şüşələri, tara istehsalı, logistika mərkəzinin yaradılması, həmçinin Sumqayıt Kimya Sənaye Parkının inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən, şüşə və saxsı məmulatlar, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, şüşə istehsalı, yunəyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Sənayenin inkişafı ilə yanaşı, digər sahələrdə də mühüm işlərin həyata keçirilməsi Proqrama daxil edilib.