Şüyüd bu dərdlərə çarədir: baş ağrıları, qıcolma, soyuqdəymə, yuxusuzluq, iştahasızlıq...
    • 13-08-2019, 01:00
    • 2 073

Şüyüd bu dərdlərə çarədir: baş ağrıları, qıcolma, soyuqdəymə, yuxusuzluq, iştahasızlıq...

Erkən yazda bostanda ilk boy göstərən bitkilərdən olan şüyüdün az qala gül qədər xoş ətri var və elə həmin keyfiyyətinə görə də mətbəxin ən dadlı ədviyyatları sırasına daxildir. Onu milli kulinariyanın şah xörəyi hesab edilən plova qataraq şüyüdlü aş hazırlayırlar. Qurmanlar şüyüd dolması və şüyüd qutabını çox sevirlər. Onu küftə və bozbaşa da qatır, qurudulmuş şüyüd isə ət və balıq xörəklərinə əlavə edilir. Toxumlarından qənnadı və çörək-bulka məmulatlarının keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Pomidor, xiyar, kələm və s. tərəvəzlərdən şoraba qoyularkən şüyüddən istifadə edilməsi onun kif atması və çürüməsinin qarşısını alır.
News24.az  xəbər verir ki, bostan şüyüdü elmi təbabətdə hipertoniyanın birinci və ikinci mərhələsi, stenokardiya, ürəyin tac damarlarının xroniki çatışmazlığı və tənəffüs yolları xəstəliklərində istifadə edilir. Xalq təbabətində isə onun meyvəsi, təzə və ya qurudulmuş otu, bəzən də yarpaqları müalicə vasitəsi kimi istifadə olunur. Spazmolitik, qazqovucu, sidikqovucu, ödqovucu, mədə tonusunu artırıcı, sakitləşdirici, işlədici, bəlğəmtəmizləyici, süd verən analarda stimuləedici təsir göstərir. Bostan şüyüdü mədə-bağırsaq ağrıları, sidik kisəsinin iltihabı, qaraciyər xəstəliklərində, baş ağrıları, qıcolma, soyuqdəymə, yuxusuzluq, iştahasızlıq və meteorizmdə tətbiq olunur.
1 xörək qaşığı qurudulmuş və xırdalanmış ot üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə su hamamında dəmlənilir, 45 dəqiqə otaq temperaturunda saxlanılandan sonra süzülür, hipertoniya xəstəliyi zamanı gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1 xörək qaşığı qəbul edilir.
1 xörək qaşığı bostan şüyüdünün xırdalanmış meyvələri üzərinə 2 stəkan qaynar su əlavə edilir, 2-3 saat ağzı bağlı qabda dəmlənilərək süzülür, alınan dəmləmə meteorizmdə gündə 3 dəfə hər dəfə yarım stəkan, tənəffüs yolu xəstəlikləri - bronxit, traxeit və öskürək zamanı gündə 4-5 dəfə hər dəfə 1 xörək qaşığı qəbul edilir.
Meteorizmdə gündə 3 dəfə 1 qram bostan şüyüdü meyvəsinin tozu az miqdarda su ilə qəbul edilir.