Ağcaqanadlardan necə qorunmalı?
    • 28-07-2019, 15:44
    • 1 142

Ağcaqanadlardan necə qorunmalı?

İsti yay günlərində ən çox narahatlıq yaradan səbəblərdən biri də ağcaqanadlardır. Onlar təkcə gecələr sancaraq yatmağa imkan vermədikləri üçün qorxulu deyil. Əsas təhlükə onların yaydığı infeksiyalardır.

News24.az xəbər verir ki, ağcaqanad sancmasına qarşı müxtəlif üsullardan istifadə edilir, lakin bəzən həmin vasitələr sağlamlıq üçün təhlükəli ola bilər. Xüsusilə aromatik spirallar yanma nəticəsində kanserogen maddə olan formaldehidə çevrildiyinə görə həmin spirallardan qapalı yerlərdə uzun müddət istifadə etmək məsləhət deyil. Elektrik qızdırıcılarında istifadə edilən ağcaqanad əleyhinə olan həblərdə toksiki maddələr bir qədər azdır, lakin onların tərkibində olan piratrid maddəsi allergiya, rinit, zökəm, astma, baş ağrıları və qulaqlarda küy yaradır. Ağcaqanad əleyhinə olan bilərziklər zərərsiz olsa da, onun taxılması o qədər də səmərə vermir.

Lakin bunlardan başqa da ağcaqanad əleyhinə plastik tor, aeroziol, fumiqator, spiral, repellent və digər ultrabənövşəyi vasitələr var. “Hand-made” fumiqatorun içərisindəki maye qurtaranda onu 100 faizli evkalipt ekstraktı ilə doldurub istifadə edilməsi də sınaqdan çıxmış vasitələrdən biridir.

Təzə yığılmış reyhanın ətri, sidr yağı ağcaqanadları qovur. Evin pəncərəsi qarşısında gəndalaş kolları və pomidor əkilməsi də ağcaqanadların qarşısını alır.

Ağcaqanad sancdığı yer şişir və qaşınma verir. Ona qarşı da bir sıra üsullardan istifadə edilir. Yarım çay qaşığı çay sodası və 1 stəkan sudan məhlul hazırlanaraq həmin nahiyələr silinir. Onun əvəzedici kimi naşatır spirti və zəif kalium-permanqanat məhlulundan da istifadə etmək olar.

Yarım stəkan xırdalanmış dazıotu otu və çiçəkləri üzərinə hər hansı bitki yağı əlavə edilərək 3 həftə saxlanılır, süzüləndən sonra sərin yerə qoyularaq istifadə edilir.

Sancma və dişləmə olan nahiyələrə təzə maya qoyularaq hər saatdan bir dəyişdirilir. Onu əzilmiş sarımsaqla da növbələşdirmək olar.

Bal və zeytun yağı qarışığı, Vyetnam balzamı da sancmaya qarşı güclü vasitələrdən biridir. Bir qədər əzilib yumşaldılmış bağayarpağı, cəfəri və nanə qaşıntını götürür.