“Geyimlərdə müxtəliflik olmayacaq” - Təhsil Nazirliyi yeni məktəbli forması hazırlayır - EKSKLÜZİV
    • 15-08-2019, 18:56
    • 2 698

“Geyimlərdə müxtəliflik olmayacaq” - Təhsil Nazirliyi yeni məktəbli forması hazırlayır - EKSKLÜZİV

Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. 

Hər il bu ərəfələrdə valideynlər məktəbli geyimləri ilə bağlı narahatlıq keçirir, əl-ayağa düşürlər. Onların əsas narazılığı isə məktəbli geyimlərin keyfiyyətsizliyi ilə bağlı olur. 

Yeni “Ümumtəhsil haqqında qanun”da bir sıra dəyişikliklər nəzərdə tutulub.  Bura məktəblilərin vahid formaları ilə bağlı  yeniliklər də daxildir.

Bu yeniliklərin nədən ibarət olduğu haqda isə News24.az –ın sorğusunu cavablayan Təhsil Nazirliyinin baş köməkçisi Əhliyar Adıgözəlov məlumat verib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən müxtəlif məktəbli formaları nümunələrinin hazırlanması ilə bağlı Bakı Tikiş Evinə müraciət ünvanlanıb: “Yeni “Ümumtəhsil haqqında qanun” tətbiq olunur. Qanunda qeyd olunub ki, Azərbaycanın ümumtəhsil müəssisələrində növündən, tipindən asılı olmayaraq vahid məktəbli forması tətbiq edilsin. Təbii ki, ümumi vahid geyim olmayanda daha pis idi. Amma indi isə ayrı-ayrı məktəblərin fərqli formaları var. Bu da rəngarənglik, müxtəliflik yaradıb. Ona görə həm ictimai, həm də Təhsil Nazirliyinin rəyi nəzərə alınmaqla ölkəmizdə vahid məktəbli formasının olması zərurəti yarandı. Və bu da qanunda öz əksini tapdı. Bu məsələdə məqsəd o müxtəlifliyin qarşısının alınmasıdır”.
  
Ə.Adıgözləov qeyd edib ki, Təhsil Nazirliyi artıq müxtəlif məktəbli formaları nümunələrinin hazırlanması ilə bağlı Bakı Tikiş Evinə müraciət edib: “Məktəbli formalarının hazırlanmasında keyfiyyətlə bərabər geyimlərin fəsillərə uyğunluğunun da nəzərə alınması tövsiyə olunub. İbtidai sinif şagirdləri ilə yuxarı sinif şagirdlərinin məktəbli formalarında müəyyən fərqlər olması nəzərdə tutulub. Nümunələr hazır olandan sonra bununla bağlı birgə yekun rəy veriləcək. Nəticədə ictimai rəy də nəzərə alınmaqla vahid məktəbli forması seçiləcək və onların tikişi, eləcə də satışına başlanılacaq.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov isə narazılıqlara səbəb olan məqamlara aydınlıq gətirib: “Bizim məktəbli formaları keyfiyyətlidir. Amma işbazlar zirzəmi şəraitində məktəbli formalarını hazırlayaraq bazara çıxarırlar. Müəlliflik hüququmuz olan etiketlərimizi saxtalaşdırırlar. Satdıqlarının üstünə Bakı Tikiş Evinin adını vururlar. Bu da narazılıqlara səbəb olur. Valideynlərə tövsiyə edirik ki, təsadüfi yerlərdən məktəbli formaları almasınlar. Bunun üçün Qaynar xətt yaratmışıq. Hər bir kəs 597 45 39-a zəng edib ona yaxın satış mərkəzlərindən mallarımızı ala bilər. Geyimlərə ən azı bir il zəmanət verilir”.

Etibar Əzimov onu da əlavə edib ki, bu il məktəbli geyimləri 1-6-cı siniflər üçün 40 manat, böyük siniflər üçün isə 46 manat olacaq. 

Afaq Mirayiq