Saxta spirtli içki emal edən sex aşkarlandı AQTA
    • 16-08-2019, 15:00
    • 950

Saxta spirtli içki emal edən sex aşkarlandı AQTA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir. 

AQTA-dan News24.az -a verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.

Baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb.
Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.