685 ailəyə şad xəbər! Şirvanda məcburi köçkünlər üçün salınan qəsəbədə son tamamlanma işləri görülür
    • 18-08-2019, 11:11
    • 1 186

685 ailəyə şad xəbər! Şirvanda məcburi köçkünlər üçün salınan qəsəbədə son tamamlanma işləri görülür

Ölkə Prezidentinin sərəncamına uyğun olaraq, Şirvanda məcburi köçkün ailələri üçün salınan yeni qəsəbədə son tamamlama işləri görülür.
News24.az xəbər verir ki, 10 hektar ərazidə salınan qəsəbədə 685 məcburi köçkün ailəsi üçün 13 ədəd iki girişli doqquzmərtəbəli bina tikilib və sakinlərin rahat yaşaması üçün lazımi infrastruktur yaradılıb. Layihə rəhbəri Əyyam Hüseynov bildirib ki, yaşayış evləri ilə yanaşı, burada 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, ATS binaları, isitmə sistemi üçün mərkəzi qazanxana, 4 ədəd su anbarı tikilib, qəsəbənin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 35/6/04 kilovoltluq yarımstansiya, 10 kilometrlik yüksək gərginlikli xətt və istilik sisteminin təminatı üçün qaz xətti çəkilib. Hazırda qəsəbəyə gələn 1,7 kilometrlik yolun inşası aparılır.
İşlərin tez və keyfiyyətlə aparılması üçün inşaat işlərinə 17 şirkət, 600-dən çox işçi qüvvəsi, 100-dək texnika cəlb olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilməsinə vəsait ayırır. Fondun vəsaiti hesabına 37 rayon və şəhər, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, sosial-mədəni və digər obyektlər tikilib.