Ağdamın Birinci Yüzbaşılı kəndində yeni məktəb binası tikiləcək
    • 5-11-2018, 19:15
    • 1 491

Ağdamın Birinci Yüzbaşılı kəndində yeni məktəb binası tikiləcək

Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.
 
Sərəncamla Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Sərəncamda həmçinin qeyd olunub ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub, 39 ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.