Putinin Ukraynaya "qəti cavab"ı - necə olacaq?
Siyasət
ABŞ və Rusiya prezidentləri Donlad Tramp və Vladimir Putin arasında 75 dəqiqəlik telefon danışığı olub. Danışıq zamanı Ukraynanın Rusiya aerodromlarına hücumu müzakirə edilib. Putin bu hücumlara “qəti cavab” verəcəyini açıq şəkildə bildirib.
Bəs "qəti cavab" ifadəsi ilə nə nəzərdə tutulur? Rusiyanın növbəti addımları müharibənin gedişatına necə təsir edə bilər?
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Putinin “qəti cavab” ifadəsi Rusiya hərbi-siyasi lüğətində adətən, daha sərt və asimmetrik addımları ehtiva edir:
"Bu, Ukraynanın infrastrukturuna – xüsusilə də enerji və rabitə şəbəkələrinə qarşı raket və PUA hücumlarının güclənməsi ilə müşayiət oluna bilər.
Rusiya, həmçinin Belarus ərazisindən yeni taktiki hücum istiqamətləri açmaqla Kiyevə təzyiqi artırmağa çalışa bilər. NATO sərhədlərinə yaxın hərbi fəallığın artması da Kremlin Qərbə dolayısı mesaj göndərmə vasitələrindən biri ola bilər".
Politoloqun fikrincə, Trampın iştirakı ilə baş tutan bu danışıqlar Putinin amerikalı respublikaçılarla dialoq qurmağa çalışdığını da göstərir:
"Moskva hesab edir ki, Tramp administrasiyası Ukraynaya yardımı azaltmaqda daha israrlı ola bilər. Bu ümidlərlə Rusiya zaman qazanmağa və mövqelərini gücləndirməyə çalışır. Hərbi baxımdan “qəti cavab” strateji bombardmançı aviasiyasının aktivləşdirilməsi və uzaqmənzilli raketlərin dövri istifadəsi ilə reallaşa bilər.
Ukraynanın dərinliklərindəki aerodromlar, silah anbarları və dəmir yolu qovşaqları hədəfə çevrilə bilər.
Eyni zamanda Rusiya nüvə ritorikasını yenidən gündəmə gətirməklə Qərbi psixoloji basqı altında saxlamağı da hədəfləyə bilər. Putinin bu ritorikası daxili auditoriyaya da yönəlib – ictimaiyyətdə zəiflik təəssüratının yaranmasına imkan verməmək üçün".
T. İsmayılov əlavə edib ki, bu cür sərt bəyanatlarla Putin müharibənin uzanmasının məsuliyyətini tamamilə Ukrayna və Qərbin üzərinə yıxmağa çalışır:
"Ukraynanın cavab zərbələri davam etdikcə, Kremlin sərhədyanı bölgələrdə hərbi vəziyyət elan etməsi ehtimalı artır. Bu isə mobilizasiyanın yeni mərhələsini gündəmə gətirə bilər. Trampın danışıqlara daxil olması göstərir ki, bu münaqişə təkcə Ukrayna ilə Rusiya arasında deyil, eyni zamanda böyük güclər arasında gedən diplomatik balans oyununun bir hissəsidir.
Nəticə olaraq, “qəti cavab” yalnız konkret taktiki addımlarla məhdudlaşmır – bu ifadə həm də strateji mesaj daşıyır və hərbi, diplomatik, psixoloji komponentləri bir arada ehtiva edən kompleks bir reaksiyanı nəzərdə tutur".
Günel Məlikzadə
News24.az