Arıqlamaq istəyənlərin - DİQQƏTİNƏ: İki sadə həll
Sağlamlıq
Son illərdə mədəkiçiltmə əməliyyatları, arıqladıcı dərmanlar, iynələr, eləcə də xüsusi çay və kofelərə maraq artıb. Lakin bu vasitələrin insan sağlamlığına təsirləri birmənalı qarşılanmır.
Bəs, bu vasitələrin ziyanları nələrdir, bu vasitələr olmadan sağlam yolla necə arıqlaya bilərik?
News24.az-ın sualını cavablayan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, istər dərmanla, istərsə də cərrahi yolla arıqlamaq problemin köklü həlli deyil:
“Əsas məsələ həyat tərzini dəyişməkdir. İnsanların əksəriyyəti həddindən artıq qida qəbuluna meyillidir, nəticədə mədə böyüyür və doyma hissi zəifləyir. Bu isə insulin dirənci, şəkər və piylənmə kimi ciddi sağlamlıq problemlərinə yol açır. Artıq çəki fiziki aktivliyi də azaldır”.
Professorun fikrincə, artıq çəkidən xilas olmağın ən effektiv və təhlükəsiz yolu sadədir:
"Az yemək və çox hərəkət etmək. Bunları vaxtında öz həyatına tətbiq etməyən insanlar sonradan dərmanlara, iynələrə, əməliyyatlara müraciət edir.
Amma unutmaq olmaz ki, bu müdaxilələrin heç biri orqanizmə zərərsiz deyil, hər biri müəyyən risk daşıyır. Mənim məsləhətim odur ki, insanlar süfrədən doymamış qalxsınlar.”
Günel Məlikzadə