Alman vətəndaşlığında rekord qəbul
    • 10-06-2025, 16:29
    • 241

Alman vətəndaşlığında rekord qəbul

Almaniya Federal Statistika İdarəsi (Destatis) əcnəbi vətəndaşların vətəndaşlığa qəbulu ilə bağlı 2024-cü ilin məlumatlarını açıqlayıb.

News24.az xəbər verir ki, ölkədə vətəndaşlığa qəbul edilənlərin sayı 2023-cü illə müqayisədə 91 860 nəfər artaraq 291 955 nəfərə çatıb.

Destatisin bəyanatında deyilir ki, "Statistikalar 2000-ci ildə başlayandan bəri heç vaxt bu qədər çox vətəndaşlıq qəbulu olmayıb".

Açıqlamada 2024-cü ildə islahat edilən Vətəndaşlıq Qanununun artıma töhfə verdiyi qeyd edilib.

Məlumata görə, ötən il Almaniyada vətəndaşlığa alınanlar arasında Suriyalılar 83 min 150 nəfərlə birinci, türklər isə 22 min 525 nəfərlə ikinci olub. Türkləri 13545 nəfərlə iraqlılar, 12980 nəfərlə ruslar, 10085 nəfərlə əfqanlar izləyib.

Maraqlıdır ki, 2023-cü ildə cəmi 1995 Rusiya vətəndaşı vətəndaşlığa qəbul edildiyi halda, ötən il bu rəqəm 12980-ə çatıb. Bu müddətdə vətəndaşlığa qəbul edilən Türkiyə vətəndaşlarının sayı iki dəfədən çox artıb.

Günel Məlikzadə