Ədviyyatların sağlamlıq üçün faydaları və zərərləri
    • 24-08-2019, 18:11
    • 1 324

Ədviyyatların sağlamlıq üçün faydaları və zərərləri

Ədviyyatlar xörək və şirniyyatlara xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün istifadə olunur. Onlar insan orqanizmi üçün çox faydalıdır. Dünyada isə ən çox ədviyyat istifadə edilən ölkə Hindistan və Türkiyədir. Ədviyyatların insan orqanizminə müxtəlif faydaları var. Məsələn, immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir, həzm sistemini tənzimləyir, ürəyə faydalıdır, orqanizmin şəkər istəyini azaldır, köp və həzm şikayəti olanlara müsbət təsir edir və s.
Ədviyyatların ən faydalı xüsusiyyətlərindən biri də antioksidan təsir göstərmələridir. News24.az Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin ölkəmizdə ən çox istifadə edilən ədviyyatlar və onların faydalı xüsusiyyətləri ilə əlaqədar rəylərini təqdim edir.
Qırmızı bibərə acılıq verən içərisində olan “capsaicin” maddəsi maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Ekstraksiya sisteminə müsbət təsir göstərən qırmızı bibər, eyni zamanda, qrip və soyuqdəymə zamanı xəstəliyi yüngülləşdirir. İngiltərədə aparılan araşdırmalar nəticəsində qırmızı bibərin orqanizmin xərçəng xəstəliyinə qarşı müqavimətini gücləndirdiyi də müəyyən edilib.
Qara istiot ölkəmizdə ən çox istifadə edilən ədviyyatlardan biridir və qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti artırır.
Kəklikotu ədviyyat növü əsasən ət xörəklərinə əlavə edilir. Ondan istifadə həzm prosesini yaxşılaşdırır, mədəni rahatlaşdırır və köp yaranmasının qarşısını alır. Kəklikotu həm də qanda xolesterinin səviyyəsini tənzimləmə xüsusiyyətinə malikdir.
Adi cirə xüsusilə süd verən analara müsbət təsir göstərir. Süd ifrazını artırır və körpənin köpünü azaldır.
Nanə həzmsizliyi aradan qaldırır və ürək bulanmaları azaltmağa kömək edir. Nanə stresi götürür, insanı rahatlandırır. Həmçinin yay-qış aylarında çay kimi istehlak edilə bilər. Boğaz ağrısı üçün də faydalıdır.
Zəncəfil bədəndə adrenalin ifrazını və enerjini artırır. Soyuqdəymənin müalicəsinə müsbət təsir göstərir. Tərkibindəki sink cinsi aktivliyi artırır.
Darçın insulin hormonuna təsiri ilə qan şəkərini tənzimləyir, orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan və qurdlardan təmizləyir, onun hətta xərçəng əleyhinə də təsiri var. Meyvələrin üzərinə bir çay qaşığı darçın səpib yeyilməsi maddələr mübadiləsini sürətləndirir.
Sarıkök mədə xorasına qarşı faydalıdır, xolesterinin səviyyəsini aşağı salır. Sarıkök Alzheymer xəstəliyinə tutulmaq riskini azaldan ən təsirli vasitələrdən biridir.
Onu da qeyd etmək lazımdır ki, ədviyyatların orqanizmə faydaları ilə yanaşı əks təsiri də mümkündür. Belə ki, onun qida rasionunda normadan artıq istifadəsi insan sağlamlığına mənfi təsir göstərə bilər. Ədviyyatların əsasən 5-10 qramdan artıq istifadəsi normadan artıq hesab olunur və sağlamlıq üçün təhlükə yarada bilər. Məsələn, adaçayı və darçının normadan artıq istifadə edilməsi sancılara səbəb olur, eləcə də sedativ xüsusiyyətlərə malik mixək yorğunluq yaradır.
Cirədən normadan artıq istifadə edilməsi yorğunluq yaratmağa, həmçinin görmə pozğunluğuna aparıb çıxarmağa səbəb olur. Ardıcdan normadan artıq istifadə böyrəklərin fəaliyyətində bir sıra fəsadlara səbəb ola, habelə hamilə qadınlarda uşaq düşməsi riskini artıra bilər. Qara istiotdan normadan artıq istifadə ateroskleroz xəstəliklərinə səbəb olması və orqanizmdə təzyiqin qeyri-stabil hal almasına aparıb çıxarması mümkündür. Bununla yanaşı, mədə ağrılarından əziyyət çəkənlərə qara istiotdan istifadə etmək tövsiyə olunmur. Ekzema və ürək-damar çatışmazlığından əziyyət çəkənlərin qırımızı bibərdən mümkün qədər istifadə etməməsi tövsiyə olunur. Zəfərandan normadan artıq istifadə toksiki təsirə aparıb çıxarır. Sumaqdan qədərindən artıq istifadə maddələr mübadiləsini zəiflədə, qəbizliyə səbəb ola bilər.
Araşdırmalar göstərir ki, xörəklərə ədviyyat əlavə edilməsi duzdan istifadəni azaltma yollarından biridir. Amerika Ədviyyat Ticarətçilər Birliyinin məlumatına görə, qidalarda qara bibər, sarımsaq tozu, adi cirə, razyana, zəncəfil, keşniş və reyhan, şüyüd kimi quru otlardan duzun ləzzətini təmin etmək üçün istifadə edilə bilər.
Növ zənginliyi ilə seçilən ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20°C temperaturda, nisbi rütubəti 75 faizdən çox olmayan yerlərdə saxlamaq lazımdır. Ədviyyatların saxlanma müddəti məhsulun istehsal vaxtından asılı olaraq bir ili keçməməlidir.