Sərxoş, sürücülük hüququ olmayan, kobud qayda pozan 40 SÜRÜCÜ CƏRİMƏLƏNDİ
    • 7-09-2019, 12:34
    • 1 247

Sərxoş, sürücülük hüququ olmayan, kobud qayda pozan 40 SÜRÜCÜ CƏRİMƏLƏNDİ

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən Zaqatala rayonu ərazisində reyd keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan,  sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Eyni zamanda yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.