Astaradakı dəhşətli qəzanın TƏFƏRRÜATI: - "Dedilər ki, uşaq əzilib, xəstəxanadadır"

Astaradakı dəhşətli qəzanın TƏFƏRRÜATI: - "Dedilər ki, uşaq əzilib, xəstəxanadadır" Hadisə

Astarada 16 yaşlı yeniyetmənin ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

News24.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Qəza nəticəsində avtomobildə olan yeniyetmə Astara rayonunun Vaqo kənd sakini 16 yaşlı  İgid Salayev Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb. Avtomobildə olan, yeniyetmənin dayısı Aslan Qasımov heç bir xəsarət almayıb.

Məsələ ilə bağlı vəfat edən şəxsin babası - Xankişi Salayev RTV-nin Cənub bürosuna açıqlamasında bildirib ki, nəvəsinin vəfat etdiyini xeyli sonra biliblər: "Yarım saat olar gəlib bura çıxmışam. Xəbər elədilər ki, bəs, filankəs qəza edib. Dedim, xəbərim yoxdur. Sonra ikinci dəfə başqası zəng elədi, dedi,  sizin uşaq da onun içindədir. Əzilib, xəstəxanadadır. İndi gəlmişəm, deyirəm uşaq hanı, deyirlər, morqdadır".  

Baba onu da bildirib ki, oğlu ailəsindən iki il imiş ayrılıbmış. Ana 3 uşağını da götürüb atası evinə gedib. Nəvəsi - İgid Salayev idmanın boks növü ilə məşğul olub və dəfələrlə rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülüb:

"Onlar oğlumdan ayrılmışdı. Uşağı qoymadı bizdə qalsın. Gətirdi atasının evinə. Mən də xəbər göndərdim atasına ki, uşaqları qoymayın. Özü də uşaqlar ikisi də idmançı uşaqlar idi. Həmin o İgid 10 dənə rayona getmişdi, hamısında da 1-ci yeri qazanmışdı. Dayısı ilə olub, kimlə olub,  bilmirəm. Səhər toyda olub. Mən onları dindirmirəm, danışmıram. Arvad boşanmışdı, iki uşağı da aparmışdı. Maşını da kim sürüb, bilmirəm, xəbərim yoxdur".

Qeyd edək ki, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.