Qış süfrələrinin bəzəyi olan şorabalar Xiyar turşusu hazırlayərkən yaxud alarkən bunlara diqqət edin!
    • 11-09-2019, 20:35
    • 3 407

Qış süfrələrinin bəzəyi olan şorabalar Xiyar turşusu hazırlayərkən yaxud alarkən bunlara diqqət edin!

Mövsümi olaraq xiyar gündəlik qidalanmada geniş istifadə olunur. Bu məhsulun tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr olduğundan hər kəs mövsüm ərzində ondan daha çox istifadə etməyə çalışır. News24.az -ın məlumatına görə, xiyar bədəni su ilə təmin edir, qan təzyiqini azaldır, susuzluğu aradan qaldırır, böyrəkdə daşın yaranmasının qarşısını alır, baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyar tumu qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir. Ona görə də sağlamlığının qayğısına qalan hər bir istehlakçını xiyar alarkən onun hansı əlamətlərinə fikir verilməsi, saxlanma şəraiti və temperaturu, forma və ölçüləri ilə bağlı suallara cavab axtarır. Ondan təzə, duza və sirkəyə qoyulmuş halda istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti vardır. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur.
Satış yerlərində bu məhsullar günəş şüalarından mühafizə olunmalı və sərin yerdə saxlanmalıdır. Açıq sahələrdə yetişən xiyarları 6-8 C dərəcə, istixanalarda yetişən xiyarları 10-12 C dərəcə temperaturda saxlamaq məsləhətdir. Bu zaman havanın nisbi rütubəti 90-95 faiz olmalıdır. Qeyd olunan şəraitdə xiyar 2-3 həftə saxlanıla bilər.
Xiyar alarkən onun formasına və rənginə diqqət etmək lazımdır. Xırda, ətliyi bərk, rəngi yaşıl olan xiyarlar daha keyfiyyətli hesab olunur. Rəngi ağarıb-saralmış, forması kobudlaşmış xiyarları almaq məsləhət görülmür. Aldığınız xiyarı inventar arabasına zədələnməyəcəkləri şəkildə yerləşdirin. Belə ki, bu məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir.
Qeyd etdiyimiz kimi, xiyardan eyni zamanda duza və sirkəyə qoymaq üçün də istifadə edilir. Hazırlanmış bu məhsullar bankalara doldurulur və ağzı qapaqla kip bağlanır.
Qablaşdırılmasında əsas etibarilə şüşə bankalardan istifadə edilir. Konservləşdirmə üçün istifadə olunan xiyar sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər.
Qablaşdırılmış xiyar turşusu markalanmalı və etiketdə aşağıdakı gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır: istehsalçı müəssisənin adı və ünvanı; məhsulun adı və növü; əmtəə nişanı; xalis çəkisi; istehsal tarixi; saxlama müddəti və şəraiti; məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatlar və s.
Bütün bu məlumatlar etiketdə aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Bu məhsulların saxlanma müddəti istehsalçı tərəfindən müəyyən edilir. Bilin ki, keyfiyyətsiz xiyar turşusu sağlamlığınız üçün ciddi fəsadlara səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçı turşuya qoyulmuş, duza və sirkəyə qoyulmuş xiyar alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir.