Maksim Qalkin BAKIYA GƏLİR
    • 13-09-2019, 15:53
    • 608

Maksim Qalkin BAKIYA GƏLİR

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənnisi Maksin Qalkinin yaradıcılıq axşamı keçiriləcək.

News24.az
xəbər verir ki, o, tamaşaçılar qarşısına "stand up" şousu ilə çıxacaq. İki saatadək davam edəcək proqramda Maksim Qalkin sənətsevərlərə gülüş dolu anlar yaşadacaq və mahnılar ifa edəcək.

Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur.

Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə teatrında olub. Həmin il o, həmçinin Estrada teatrında "Debütlər, debütlər, debütlər" proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada "Triumf" və "Qızıl Ostap" mükafatlarını alıb. 2001-ci ildə "Vitebskdə Slavyan bazarı" festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi  Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu "Bud ili ne bud" (Будь или не будь) mahnısı olub.  Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.

Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.

Maksim Qalkinin Heydər Əliyev Mərkəzində keçiriləcək yaradıcılıq axşamına biletlərin qiyməti 40, 70, 100, 140, 180, 220  və 300 AZN-dir.  Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələlərindən əldə etmək olar.