-
- 16-09-2019, 20:03
- 1 534
Gil maskası -Dərini təmizləyir, sağlam və təravətli üz bəxş edir
Gil tərkibində bakteriya saxlamır, toksinləri udur, zərərli mikrobları məhv edir və ən əsası təmizləyici effekt verir.
News24.az mbeautycosmetic.com-a istinadən xəbər verir ki, gil dərinin təbii gözəlliyini qoruyub saxlamaq üçün ən təsirli vasitələrdən biridir. Onun müxtəlif növlərinin tərkibində 40-a qədər mineral və vitamin var. Lap qədim dövrlərdən xanımlar dərinin sağlam və təravətli görünməsi üçün gil maskalarından istifadə ediblər. Həmin maskalar sellülit, sızanaq, civzə kimi dəri xəstəliklərində tətbiq olunur, dərinin rahat nəfəs alması və təmizlənməsində böyük rol oynayır, qan dövranını yaxşılaşdırır. Ona bəzi elementlər əlavə edəndə həm də qidalandırıcı təsir göstərir. Təbiətdə kosmetik gilin müxtəlif növləri olur və mineral tərkibindən asılı olaraq rənglərinə görə fərqlənir. Gilin tərkibi və rəngi yerləşdiyi ərazidən asılı olaraq dəyişir.
Ağ gil silisium-oksid, sink və maqneziumla zəngindir, saçların tökülməsinin qarşısını alır, nazik və zərif saçları möhkəmləndirir, regenerasiyanı sürətləndirir, antiseptik rol oynayır. Ağ gil nazik və solğun dərini canlandırır, mütəmadi istifadə edəndə dəriyə elastiklik və məxmərilik verir, üz dərisini gümrahlaşdırır. Gilin rəngi nə qədər tünd olsa dərinin yağlılığına, sızanaq və civzələrə qarşı o qədər səmərəli təsir göstərir. Çəhrayı civzələr zamanı gildən istifadə etmək məsləhət deyil.
Qırmızı gilə tərkibindəki dəmir və mis oksidləri rəng verir, o həssas, allergiyaya meyilli və tez reaksiya verən dəriyə daha çox uyğundur, xarici təsirlərdən tez qızaran dərini təmizləmək üçün ideal vasitədir.
Sarı gilin tərkibində çoxlu kalium və dəmir var, dərinin oksigenlə təchiz olunmasını artırır, müxtəlif iltihabi proseslər zamanı ondan toksinlərin dəridən xaric olunması üçün istifadə edilir. Cavanlaşdırıcı təsirə malik olduğuna görə daha çox qarışıq tipli, solğun və qocalmaqda olan dəriyə daha çox uyğundur və üz dərisinin rəngini yaxşılaşdırır.