Oğurluq edən şəxsin digər cinayət əməlləri üzə çıxdı
    • 16-09-2019, 22:07
    • 953

Oğurluq edən şəxsin digər cinayət əməlləri üzə çıxdı

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş C.Nəzərovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayondakı bir evdən pul və qızıl sırğa, bir evdən 140 manat və 360 manat dəyərində qızıl-zinət əşyaları, bir evdən isə 400 manat və qızıl üzük oğurlaması da müəyyənləşdirilib.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhərdəki körpələr evi-uşaq bağçasından məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev yaxalanıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon sakini olan bir qadının içərisində pul olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Məmmədov və bir yeniyetmə saxlanılıblar.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.