Məşhur insanların dünyadan erkən köçən övladları
    • 17-08-2018, 15:28
    • 982

Məşhur insanların dünyadan erkən köçən övladları

Həyat bəzən insanlara elə acı, elə faciə yaşadır ki, onlar bütün ömürləri boyu bu faciənin mənfi təsirindən çıxa bilmirlər. Dünyada ən böyük itkilərdən biri valideynin övlad itirməsidir. 

Bu yazıda vaxtsız övlad itirmiş məşhurlardan – dövlət məmurlarından, siyasətçilərdən, mədəniyyət və incəsənət adamlarından bəhs edəcəyik. 

İki ay öncə dünyasını dəyişən Müdafiə Sənayesi naziri Yavər Camalov sağlığında övlad itkisi yaşayıb. Belə ki, ötən ilin sentyabrında nazirin 44 yaşlı oğlu Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib. Deyilənə görə, mərhum nazirin oğlu Rövşən xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 7 il öncə vəfat edib. 49 yaşlı Azad Mütəllibov xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun oğlu təxminən 13 il öncə dünyasını dəyişib. Azərbaycanın İrandakı səfirliyində çalışan mərhum İranda yol qəzası zamanı həlak olub. 

Millət vəkili Fazil Mustafanın yeniyetmə oğlu 10 il öncə vəfat edib. Dayısı ilə birlikdə hamamda dəm qazından boğulan Elçibəyin o zaman cəmi 8 yaşı var idi. 
"Silk Way Holding”in prezidenti Zaur Axundovun oğlu Fərid Axundov bir ay öncə vaxtsız dünyasını dəyişib. Mətbuatın yazdığına görə, mərhumun ölüm səbəbi bəlli deyil. 
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun üç övladı vaxtsız dünyasını dəyişib. 1991-ci ildə KXCP sədrinin 5 yaşlı oğlu yol qəzasında, 2009-cu ildə digər oğlu və 2012-ci ildə qızı qəfləti ölüm səbəbindən dünyalarını dəyişib. 

Milli Şuranın sədri Cəmil Həsənlinin 27 yaşlı oğlu Vüqar Həsənli 2007-ci ildə Atatürk prospektidə - Ayna Sultanova heykəlinin yaxınlığında "Mersedes” markalı avtomobili ilə qəzaya uğrayıb. Mərhum xəstəxanaya çatdırılsa da, orada keçinib. 
Müsavat Partiyasının sabiq sədr müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 3 il öncə vəfat edib. Oğul övladı dünyaya gətirərək, doğuş zamanı həyatını itirən Nərgiz Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. 

AXCP Ali Məclisinin sabiq sədri, mərhum Həsən Kərimovun iki oğlu – İftixar və Rəşad Kərimovlar bir həftənin içində dünyasını dəyişiblər. Hər iki gənc ürək tutmasından vəfat edib. 

Üç il öncə dünyasını dəyişmiş Xarici Siyasət Məsələləri üzrə sabiq Dövlət Müşaviri, politoloq Vəfa Quluzadənin 36 yaşlı oğlu Murad 2010-cu ildə ağır sürən xəstəlikdən sonra vəfat edib. Murad Quluzadə onkoloji xəstəlikdən əziyyət çəkib. 

Xalq artisti, sənət aləmində Teymur Əmi kimi tanınan Teymur Mustafayevin oğlu faciəvi şəkildə həlak olub. Belə ki, 2007-ci il mayında Bakıxan Mustafayevin idarə etdiyi "Vaz 21010” markalı avtomobili müəmmalı şəkildə yanıb. 

Xalq artisti Səməd Səmədovun oğlu 24 yaşında vəfat edib. Müğənninin birinci evlilikdən olan mərhum oğlu polis işləyib. Xalq artisti Arif Quliyevin oğlu Fərid 35 yaşında vəfat edib. Mərhum həbsxanadan azad edildikdən sonra dünyasını dəyişib. 

Məşhur bəstəkar Hikmət Mirməmmədli də övlad acısı yaşayıb. Onun oğlu dənizdə boğularaq faciəvi şəkildə həyatını itirib. 
Xatırladaq ki, məşhurlar arasında atalarla yanaşı övlad itkisi görmüş analar da var. Xalq artisti, diktor Şərqiyyə Hüseynova, əməkdar artist Zöhrə Abdullayeva, əməkdar artist Kübra Əliyeva, yazıçı-publisist Mehriban Vəzir, tanınmış aparıcı Afaq Gəncəli və digərləri bu sıradadır. Bir neçə gün öncə dünyasını dəyişən məşhur rep ifaçısı Anar Nağılbaz Milli Məclisin keçmiş deputatı Rizvan Cəbiyevin oğludur.

Azxeber.com