-
- 19-09-2019, 00:42
- 997
Elinanın anasının vəkili: “Bu işdə ən qərəzli yanaşdığımız şəxs Xalidə Bayramova olub”
162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı vəkili Sevinc Əliyeva olduqca maraqlı bəyanatla çıxış edib.
News24.az xəbər verir ki, o, sosial şəbəkələrdəki hesabında yazdığı statusda bir sıra sual doğuran məqamlara toxunub. Vəkilin ən ilginc açıqlaması hadisədə adı hallanan Səbail rayon İcra Hakimiyyəti Başçısının I müavini Xalidə Bayramova ilə bağlı olub. Editor.az həmin statusu təqdim edir:
İctimai rezonanslı işin aparılmasında ən çətin məqam ondan ibarətdir ki, gərək işlə bağlı gedən söz-söhbət, təhrif edilmiş məlumatlar, tamamilə həqiqətə uyğun olmayan informasiyalar və haqsız ittihamlarla üzləşəndə əsəbləşməyəsən və soyuqqanlı davranasan.
Lakin istər zərər çəkmiş şəxsin hüquqi varisi, istərsə də biz vəkillərə münasibətdə o qədər təhrif edilmiş və tamamilə yalan məlumatlar yayılır ki, vaxtaşırı açıqlama verməyə məcbur olursan.
1. Sevil Hüseynovanın direktorla barışması ilə bağlı. Təqsirləndirilən şəxs tərəfindən bu cür addımlar atılsa da, zərər çəkmiş şəxsin hüquqi varisi bu cür təkliflərə birmənalı qaydada etiraz edib. Bunun nəticəsi kimi təqsirləndirilən şəxs ibtidai istintaqda Sevil Hüseynova ilə üzləşəndə ondan üzür, ağlayaraq halallıq istədiyi və qismən təqsirini etiraf etdiyi halda (üzləşməyə dair protokolda bu ifadələr öz əksini tapıb), barışıq ilə bağlı təklifləri rədd edildikdən sonra məhkəmədə heç bir təqsirinin olmadığı və bu iş üzrə hər hansı bir hüquqi və mənəvi məsuliyyət daşımadığını bildirmişdir. Sevil Hüseynova təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb edir və bildirir ki, hər hansı barışıqdan söhbət gedə bilməz.
2. Vəkillər tərəfindən Sevil Hüseynovanı Xalidə Bayramova ilə barışmağa sövq edilməsi ilə bağlı. Bir vəkil kimi bütün məsuliyyətimlə bildirirəm ki, bu işə qoşulduqda biz vəkillərin ən qərəzli yanaşdığı, məsuliyyətə cəlb edilməsini arzuladığı şəxs məhz Xalidə Bayramova olmuşdur. Bir Allah şahiddir ki, bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün 8 tomluq işi sözbəsöz incələmişik, mümkün olan bütün maddələr üstündə nə qədər uzun- uzadı debatlar, peşəkarlığına inandığımız vəkil və hüquqşünas dostlarla müzakirələr aparmışıq. Lakin həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ən azı ibtidai istintaq vaxtı hər hansı bir sübut müəyyən edilməmişdir. Əziz digər fikirdə olan həmkarlar! İş üzrə bütün materiallar bizdədir və artıq maneə kimi istintaq sirri də aradan qaldırılıb. Bəlkə içinizdə bizdən daha savadlı və təcrübəli olanınız var?! Bütün materialları arzu edən şəxslərə təqdim edə bilərik.
Bildiyiniz kimi bu iş tam ictimai əsaslarla aparılan işdir. Ona görə heç kəsdə "pul alır, mən niyə onun yerinə iş görməliyəm” kimi fikirlər yaranmamalıdır. Bəlkə biz hansısa sübutu düzgün qiymətləndirə bilməmişik?! Niyə status yazıb, like almaqla kifayətlənirsiniz? Ünvanımızı, əlaqə nömrələrimizi hamı bilir. Əziz həmkarlar, kim bizim səmimiyyətimizə yaxud peşəkarlığımıza şübhə ilə yanaşırsa, çox xahiş edirəm gəlin qoşulun işə…
3. Bu gün hüquqşünaslardan biri-səhv etmirəmsə Samira Ağayeva yazıb ki, guya mən vəsatət vermişəm lakin əsaslandırmamışam. Məhkəmə prosesində iştirak etdinizmi?! Mənim vəsatətlərimlə tanış olmusunuzmu?! Əgər şübhəniz varsa gəlin verdiyim vəsatətləri bir- bir nəzərinizə çatdırım. Biz sabah məhkəmə qarşısında yenidən vəsatətlə çıxış edəcəyik ki, ictimaiyyət nümayəndələrinin prosesdə iştirakına şərait yaradılsın… Biz anlayırıq ki, bu iş başqa işlərdən seçilir. Ödənişli qaydada apardığım işlərlə bağlı kiminsə mənə irad tutmasına imkan belə yaratmaram.
Amma bu işdə öz qürurumuzu boğub bütün gördüyümüz işlərlə bağlı ictimaiyyətə hesabat verməyə hazırıq. Gecə saat 11 qədər iş materiallara tanış olduğumuz, hər günümüzün 40 %-ni, bəzi hallarda bütün günümüzü bu işə sərf etdiyimiz halda işimizə və əməyimizə niyə kölgə salırsınız?
4. Sevil Hüseynovaya nəyinsə müqabilində mənzilin təklif edilməsi, onun buna razılaşması və mənim buna müsbət yanaşmağım barədə müsahibə verməyim barədə. Bəzi şəxslərin və jurnalistlərin yazısı məşhur lətifədəki vəziyyətə oxşayır. Roma Papası Parisə gələndə ondan soruşurlar ki, əxlaqsız yuvalarına necə yanaşır, Papa da sual verir ki, "Parisdə əxlaqsız yuvaları var?”. Sonra jurnalist yazır ki, Papa Parisə gələn kimi əxlaqsız yuvalarının olub -olmamasını soruşdu.
Sevil Hüseynova ilə direktordan başqa hər hansı bir qurum, şəxs sövdələşmə aparmağa cəhd etməyib ki, o buna razılıq versin ya verməsin. 1. Direktor istənilən halda məsuliyyətə cəlb edilib, barışıq təklifi də rədd edilib.. 2. Həkim səhvinə dair kifayət qədər sübut olduğu halda həkimləri məsuliyyətə cəlb etmək niyyətində olan yoxdur və onlar bundan heç narahat da deyillər. (Buna dair bizim hansı iş gördüyümüz barədə geniş hesabat verə bilərik) 3. İşdə Xalidə Bayramovanı qorxuya salıb hər hansı sövdələşməyə sövq edəcək kiçik sübut belə yoxdur.
Məsuliyyətə cəlb edilən yeganə şəxs direktor olub və o, zərər çəkmişlə barışmaq istəsə də, zərər çəkmiş şəxs onun təklifini qətiyyətlə rədd edib.
Jurnalist məndən soruşanda ki, Elina Hacıyevanın ailəsinə mənzil verilməsinə münasibətiniz, qeyd etdim ki, nəyinsə müqabilində Sevil Hacıyevaya heç bir şey təklif olunmayıb və təklif edilsə də zərər çəkmişin hüquqi varisi buna razılıq verməz. Buna baxmayaraq jurnalist bununla bağlı 10 dəfə sual verdikdən sonra dedim ki, iş bitdikdən sonra çox kasıb və mənzil şəraitinə ehtiyacı olan ailə kimi onlara mənzil verilsə buna biz vəkil kimi qarışa bilmərik və bu halın iyrənc formalara yozulması düzgün olmazdır. (Müsahibə verməkdən qaçırsan- deyillər ki, bu iş ictimaiyyətin maraq dairəsindədir, müsahibə vermək borcunuzdur, verəndə də salırlar Roma Papasının gününə).
5. Mülki iddia ilə bağlı. Mülki iddia verməkdə guya məqsədimizin sırf pul tələb edilməsi, pul alıb işə "göz yummaq” olması barədə fikirlərə isə qeyri peşəkar olsa da yalnız "ayıb olsun” deyə bilərik. Əvvəla yazıq zərər çəkmiş şəxsin heç mülki iddia nədir, onu kimə qarşı vermək olar və s. barədə məlumatı yoxdur. Biz izah elədik ki, belə bir hüququnuz var. Hətta Sevil xanım deyəndə ki, "düz başa düşməzlər, bəlkə etməyək filan”, biz izah etdik ki, bu sizin hüququnuzdur və bu cür iddianın verilməsi kimdənsə pul alıb onunla barışmaq anlamına gəlmir. Əksinə, mülki iddianın verilməsində məqsəd- təqsirkarları daha ağır məsuliyyətə cəlb etməkdir. Mülki cavabdeh kimi Təhsil Nazirliyini də qoyduq ki, gələcəkdə kimisə direktor təyin edəndə çox diqqətli olsunlar.
6. "Vəkillər satılıb, kiminsə göstərişi ilə oturub dururlar” kimi ifadələrə cavab yazmaq gülünc olardı…
Bircə onu deyə bilərəm ki, həyatımda vəkil Azər Nağıyev kimi dürüst, inanclı, vicdanlı və prinsipial bir insan tanımıram. Əgər onda olan əxlaqın 20 faizi insanların çoxunda olsaydı, bu cəmiyyət tamam fərqli olardı… Həmkarım Emini bu işdə tanısam da, onun da barəsində ancaq müsbət rəylər eşitmişəm. İnanın ki, əgər bizə hər hansı təzyiq edilsə idi, ən azından bu işdən kənarlaşaraq onu aparmaqdan imtina edərdik.
P.S. Hörmətli səmimi və peşəkar həmkarlar və jurnalistlər. Bu işin ictimaiyyətdə maraq və narahatçılıq doğurduğunu nəzərə alaraq, hamınızı məhkəmə proseslərini izləməyə çağırırıq. Cinayət işlərinin aparılmasında peşəkarlığı ilə seçilən vəkillərimiz, gəlin iş materialları ilə tanış olun. Bizim gördüyümüz işlərdən, yazdığımız vəsatətlərdən və s. ilə bağlı hər hansı bir təklif, irad, əlavə və s. varsa buyurun, gəlin bir yerdə bu iş üzərində çalışaq.
Yazını dərin məyusluq hissi keçirərkən ərz etdiyimdən səhvlərə və uzunçuluğa görə üzür istəyirəm….