" Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır" MƏLEYKƏ ABBASZADƏ
    • 23-09-2019, 10:55
    • 705

" Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır" MƏLEYKƏ ABBASZADƏ

"Böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır".

News24.az-ın xəbərinə görə, bunu Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib.

Bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır.

Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.

Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik.

Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik. Onlar sizinlə qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır.

Bundan əlavə, biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini də builki proqrama daxil etmişik. Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq.

Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq! Biz buna çərşənbə günü Cambridge Assessment (Kembric Qiymətləndirmə) ilə tərəfdaşlıq sazişi imzalamaqla başlayırıq. Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.

Tərəfdaşlarımız, sponsorlarımız və bütün bizə dəstək olanlarla birgə sizin Bakıya bu gəlişinizi xoş xatirələrlə zəngin və unudulmaz etməyə çalışmışıq!
Bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər bir kəsə dərin təşəkkürümü bildirirəm".

Afaq Mirayiq