Bakıda Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutub - FOTOLAR
    • 24-09-2019, 11:08
    • 838

Bakıda Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutub - FOTOLAR

"Nizami" Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest" Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutub.

News24.az bildirir ki, tədbirdə Cəfər Cabbarlı adına Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək bildirib ki, Bakıda Rusiya filmləri həftəsi artıq 5-ci dəfə keçirilir: "Azərbaycan tamaşaçısı hər dəfə Rusiya kinematoqraflarının əsərlərini izləyərək, Rusiya kinematoqrafiyasındakı inkişaf və yeniliklərlə tanış olur".

Cəmil Quliyev Rusiya kinematoqrafiyasının 90-cı illərin ağır sınaqlarını geridə qoyduğunu vurğulayıb: "Bu gün Rusiya kinematoqrafiyası çox güclüdür. Buna Rusiya filmləri həftəsi çərçivəsində filmlərə baxan tamaşaçılar da əmin olacaqlar".

Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Mixail Boçarnikov isə Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan böyük marağını diqqətə çatdırıb: "Ötən il də Rusiya filmləri həftəsini açmaq mənə nəsib olmuşdu. Mən onda da Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan marağının şahidi oldum. Hazırda Rusiyada hər həftə azı iki yeni film ekranlara çıxır. Mən çox arzulayıram ki, Azərbaycan tamaşaçısı da bu filmləri görsün. Bu dəfə nümayiş olunacaq filmlər isə Rusiya kinematoqraflarının ən son yaradıcılıq məhsullarıdır, 2018 və 2019-cu illərdə istehsal olunmuş filmlərdir".

"Kinofest" Prodüser Mərkəzinin direktoru Sergey Bragin isə Bakıda keçirilən Rusiya filmləri həftəsinin ildən-ilə gücləndiyini bildirib: "Biz bu dəfə on bədii filmlə Azərbaycan tamaşaçısının görüşünə gəlmişik. Mən inanıram ki, Rusiya filmləri həftəsi daha da böyüyərək  ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə öz töhfəsini verəcək".

Sonra Rusiya kinematoqrafiyasının simaları çıxış ediblər. Festivalın ilk günündə azərbaycanlı rejissor Anar Abbasovun "Döyüş" bədii filmi təqdim olunub.

Qeyd edək ki, Rusiya filmləri həftəsi sentyabrın 29-dək davam edəcək.

Sevda Bayramova
Foto - Fərid Şabanov