"Məni nə evdə, nə də məktəbdə sevən yoxdur, özümü öldürəcəm" - Elinanın məhkəməsindən ŞOK FAKTLAR
    • 25-09-2019, 19:00
    • 1 157

"Məni nə evdə, nə də məktəbdə sevən yoxdur, özümü öldürəcəm" - Elinanın məhkəməsindən ŞOK FAKTLAR

Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi günün ikinci yarısında davam edib.

News24.az Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə həkim-taksikoloq Faiq Süleymanov ifadə verib. O bildirib ki, Elina Hacıyeva dərmanlar qəbul edib: "Mədəsini yuduq. Bildirdi ki, axşam 30 ədəd ketotifen atıb. Bu mənə inandırıcı gəlmədi. Çünki o qədər həb qəbul etsəydi, səhər ayıla bilməzdi. Mən daha sonra Elinanı o travmatologiya göndərdim".

Daha sonra ifadə verən 19 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Vasif Mursaqulov qeyd edib ki, hadisə ilə bağlı çağırış 11:04-də gəlib: "Biz hadisə yerinə gəldik və ilkin müdaxilə etdik. Elina dedi ki, 30-a yaxın həb qəbul edib. Səbəbini soruşdum. Dedi 15 gündür intihar etmək qərarına gəlib. Evdə də, məktəbdə də onu istəyən adam olmadığı üçün bu qərarı verdiyi bildirdi".

Prosesdə Klinik Tibbi Mərkəzin reanimasiyasının şöbəsinin baş anestezioloqu Vaqif Rəhimov ifadə verib. O bildirib ki, Elina Hacıyeva xəstəxanaya yerləşdiriləndən 2 gün sonra dünyasını dəyişib: "Elinanın ağ ciyərində ödəm yığılmışdı. Birinci gün hər şey yolunda gedirdi. İkinci gündə vəziyyət pisləşdi. Ona 5 litr oksigen verildi. Gərəkli müdaxilələr edildi, amma nəticə olmadı. Ayın 6-ı səhər 11:15 radələrində Elinada bioloji ölüm oldu".
Proses sentyabrın 27-də davam edəcək.



****
13:55

Bu gün 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.

News24.az-ın APA-ya istinadən məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək məktəbin sabiq direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

E.Hacıyevanın digər nümayəndəsi Sevinc Əliyeva vəsatət verərək prosesin audio səs yazısının yazılmasını xahiş edib. Bu vəsatət də təmin edilməyib. Daha sonra şahid qismində E.Hacıyevanın məktəb yoldaşları dindirilib. Onlardan Oqtay Hacıyev qeyd edib ki, Elina özünü 3-cü mərtəbədən atıb: "İkinci mərtəbədə idim. Birdən yuxarıdan nəsə düşdüyünü gördüm. Birinci elə bildim ki, kiminsə gödəkcəsi düşdü. Sonradan baxdım ki, qızdır”.

Daha sonra məktəb direktorunun katibəsi Nigar Məmmədova dindirilib. Şahid bildirib ki, E.Hacıyevanın özünü 3-cü mərtəbədən atması barədə ona kimya müəllimi məlumat verib: "Müəllimə deyən kimi qaçaraq çölə çıxdım. Gördüm ki, uşaqlar onu gətirirlər. Tibb bacısının otağına qalxdıq, bağlı olduğu üçün direktorun otağına gətirdik. Həmin vaxt otaqda direktor və müavinləri var idi. Elina suallara "yuxuluyam", "heç nəyi başa düşmürəm", "dərman içmişəm" kimi cavablar verirdi. Məktəbə daha sonra polis gəldi, bir müddət sonra isə Xalidə xanım özünü çatdırdı”.

Məhkəmədə Klinik Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov ifadə verib. Həkim bildirib ki, həmin günü növbədə olub: "Qəbuldan zəng edib bildirdilər ki, bir qız uşağı gətiriblər, vəziyyəti yaxşı deyil. Qəbula gəldik, müayinələr apardıq. Rentgen, ultrasəs müayinələrindən keçirdik. Cərrahiyə əməliyyatına ehtiyac yox idi. İlkin diaqnozu mən, Vaqif doktor və şöbə müdiri İlqar doktor məsləhətləşərək çıxardıq. Müayinə olunması üçün reanimasiya şöbəsinə göndərdik".
Vəkillərin suallarını cavablandıran Ə.Çovdarov qeyd edib ki, ilk olaraq E.Hacıyevaya sistem köçürülüb: "USM müayinəsində keçirdik. Həmin vaxt ağ ciyərində ödəm var idi".

Həkim həmçinin bildirib ki, E.Hacıyevanı reanimasiyada Xalidə Bayramova görüb: "Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası orada idi. Yuxarı qalxanda içkili olduğu üçün ifadə verməsinə icazə verilmədi”.

Vəkillər məhkəmədə bildiriblər ki, tibbi ekspertizanın rəyinə görə, E.Hacıyeva kəskin tənəffüs çatışmazlığı, döş qəfəsinin qapalı travması, ağ ciyərinin zədələnməsi, döş fəqərələrin müştərək ağır travması, çanaq sümüyün sınığından dünyasını dəyişib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.