"Elina dedi ki, boynunu kəsməkdən həzz alır"- direktorun məhkəməsində şahidlər dindirildi
    • 27-09-2019, 20:54
    • 1 060

"Elina dedi ki, boynunu kəsməkdən həzz alır"- direktorun məhkəməsində şahidlər dindirildi

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

News24.az xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib.

Prosesdə şahid qismində məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva ifadə verib. Şahid deyib ki, hadisə olan vaxt məktəbdən poliklinikaya gedirmiş.

Ona zəng edərək Elinanın yıxıldığını deyiblər: "Mən məktəbə qayıtdım. Gələndə gördüm ki, Elinanı direktorun otağında divana uzadıblar. Ona ilkin yardım göstərdim. Qolunda bir-iki sıyrıq var idi. Lakin başqa yerində açıq yara yox idi. Təzyiqini ölçəndə gördüm ki, aşağıdır. Direktor və müavinlərinə dedim ki, təcili yardım çağırmaq lazımdır. Lakin reaksiya verən olmadı. Yenidən təzyiqini yoxlayanda gördüm ki, düşür. Yenə təcili yardımın çağırılmasını istədim, Sevinc xanım hirsləndi, dedi ki, işini gördün, otaqdan çıx".

Şahid deyib ki, bir neçə dəqiqə sonra məktəbə icra başçısının müavini Xalidə Bayramova və polislər gəlib. Ləman Nuriyeva deyib ki, bir daha Elinanın təzyiqini ölçüb və təcili yardım çağırılıb.

Suallara cavab verən tibb bacısı deyib ki, direktor onun təcili yardım çağırmasına imkan verməyib. Ləman Nuriyeva deyib ki, əvvəllər də Elinanı müayinə edib: "Bir dəfə boynunu kəsmişdi. Sinif rəhbəri və müəllimlər yanıma gətirmişdi. Elina dedi ki, cızılıb. Lakin orada qeyd elədim ki, bu, kəsikdir".

Məhkəmə prosesində şahid qismində Ramin Rəhimov ifadə verib. O, Elina ilə dost olduğunu deyib və bildirib ki, Elina ilə instagramda tanış olub: "Bir neçə dəfə görüşüb, onu evinə aparmışam. Anası Sevil xanımla da salam-sağ olum vardı. Elina mənə deyirdi ki, məktəbdə geyiminə, saçına görə ona sataşırlar. Bununla bağlı şikayıt etsə də, heç kimin tədbir görmədiyini söyləyirdi".

Şahid Elinanın boynunu kəsməsindən də xəbərdar olduğunu deyib. Amma səbəbini bilmədiyini söyləyib. Amma şahid istintaqdakı ifadəsi elan olunarkən başqa məqam ortaya çıxıb. Belə ki, Raminin istintaqda "Elina mənə dedi ki, boynunu kəsməkdən həzz alır" dediyi məlum olub.

Məhkəmə araşdırması davam etdirilir.

Rəsmi ittihama görə, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb. O da qeyd edilir ki, Elına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb. Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü 3-cü mərtəbədən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub. Elan olunmuş ittihamla Sevinc Abbasova özünü təqsirli bilməyib.

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edilib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır. Məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

/Musavat.com/