Təklikdən qorxan Sevda Yahyayeva: -
    • 26-09-2019, 11:46
    • 1 646

Təklikdən qorxan Sevda Yahyayeva: - "Ana olmaq istəyirəm" - MÜSAHİBƏ-FOTOLAR-VİDEO

Səhnəmizin "Tık-tık" xanımı müğənni Sevda Yahyayeva News24.az-a müsahibə verib.

Yaradıcılığından, şəxsi həyatından söhbət açan ifaçı, maraqlı açıqlamalar səsləndirib.

- Artıq yay bitdi. Harada və necə istirahət etdiniz?

- Yayda dincəlmədim. Üç ayı Bakıda keçirdim. Studiyalarda oldum, yeni mahnıların axtarışında idim və tapdım. Yeni mahnımın musiqisi və aranjemanı Hakan Erola, sözləri isə Leyli Erola aiddir. Klipin rejissoru isə Ali Fərhaddır. Baxmayaraq ki, mahnı və klip hələ üç gündür işıq üzü görüb, amma çox bəyənildi. Müsbət rəylər alıram bu isə məni çox sevindirir. 

- Rəylərdən danışdınız. Sevdaya pis rəy yazan olur?

- Xeyr. Buna görə çox xoşbəxtəm. Hətta dostlarımdan biri mənə bu yaxınlarda söylədi ki, "Sevda nə yaxşı sənə canlı yayımda heç vaxt pis rəylər yazmırlar?" Düşünürəm ki. buna tərbiyəmlə, davranışımla nail olmuşam.



- Sevda üçün əxlaq nə deməkdir?

- Hər şey deməkdir. Həyat əxlaqla başlayır. Bu isə bilavasitə evlə, ailəylə, mühitlə bağlı olan məsələdir. Məncə tərbiyə anlayışı hər kəsdə var, sadəcə olaraq hər kəs onun fərqli şəkildə anlayır və dəyərləndirir.

- Sizcə şou-biznesdə tərbiyyəsizlər var?

- İstəmirəm sahəmi, burada çalışan, əziyyət çəkən insanlar barəsində belə bir fikir səsləndirim. Çünki hər bir sahənin pisi və yaxşısı olur. Müğənnilik olduqça çətin peşədir. Məsələn biz üç dəqiqəlik mahnı, klip üçün saatlarla, hətta günlərlə vaxt sərf edirik, səhərə qədər yatmırıq, studiyalarda oluruq. Tamaşaçı, dinləyici elə olur ki, heç o üç dəqiqənin sonuna qədər belə baxmayıb, mahnının, klipin üstündən keçir. Ona görə heç kimi alçatmaq istəmərəm. Hər şeyə yaxşı tərəfdən baxmaq lazımdır ki, nəticə də müsbət olsun. Əgər, hansısa sahədə pislər varsa o demək deyil ki, hər kəs elədir. 

- Yanılmıramsa, müsahibələrinizin birində söyləmişdiniz ki, müğənni olmasaydım valideynlərim məni ərə verəcəkdilər. Ailəniz sizə bu barədə hər hansısa təzyiq göstərib?

- Yox təziqlər olmayıb, əksinə, ailəm bu sahədə olduğum üçün daim məni dəstəkləyib. Bu yaxınlarda 15 ildən sonra sinif yoldaşlarımla görüşdük. Bir gün öncə həyəcandan heç gözümə yuxu da getmədi. Onlar məni hər yerdə görürlər, mən isə yox. Sinif yoldaşlarım dedilər ki, "Sən bu işi bacardın" onlar bilirdilər ki, uşaqlıqdan ancaq müğənni olmaq arzusundaydım. Ailə qurmaq istəyən insanlar olub, amma mən oxumaq istəyirdim və arzularımın arxasınca getdim.


- Vaxtaşırı sizi tərəfmüqabillərinizə yaraşdırırdılar. Hətta əvəzinizə açıqlamalar da verilib. Əslində vəziyyət necədir? 

- Normal haldır. Kliplərdə çəkilən tərəf müqabillərim dostlarımdır. Ruslan Abışov Milli yığmanın "Neftçinin" futbolçusudur. Onunla iki klipdə rol almışam. Daha sonra serbiyalı basketbolçu və həkim Nemanja Bukvicdir. Afaq Gəncəli, Ruslan Ağayev və mən istirahət üçün Serbiyaya yollandıq. Elə orada Nemanja ilə tanış olub, klip çəkdirdik. Nəmanja ilə sevgi münasibətimiz olmadı, onunla ancaq dostluq münasibətlərimiz var. 

- Xarici vətəndaş ilə ailə qurardınız?

- Bu barədə heç vaxt düşünməmişəm və ümumiyyətlə şəxsi həyatdan danışmağı sevmirəm, çünki utanıram. Kim olacaqsa əsas odur ki, yaxşı qismət olsun. Xəyalpərəst deyiləm realistəm. İndidən xəyallarım barəsində danışmağı istəmirəm.

- Sevdanın fobiyası var?

- Məsələn, qorxulu kinolara baxa bilmirəm. Televizorda təsadüfən qorxulu film göstəriləndə, gözlərimi bağlayıb, keçirəm digər kanala. Daha sonra evdə tək qalmaqdan qorxuram. Təklikdən çox qorxuram. 


- Sevda Yahyayeva hər zaman gülür. Gülən insanların isə içində dərdi olur. Sevdanın problemi, dərdi var?

Yoxdur. Heç kimə dərd arzu etmirəm. İstəyirəm ki, insanlar daim xoşbəxt olsun. Mənə gülmək yaraşır ona görə də, gülürəm. Gərək həyata müsbət baxasan. İnsan xoşbəxtliyi kənarda yox, özündə axtarmalıdır. Yaxşı düşünək ki, yaxşı olsun. Ailəm, sevdiyim işim, dostlarım var. Heç bir problemim yoxdur, hər şeydən razıyam.

- Aktrisa kimi seriala çəkildiniz, amma sonra sizi ekranlarda görmədik. Buna səbəb nə oldu?

- Özümə söz verdim ki, birdə aktrisa kimi ekranlarda olmayacam. Aktrisalıq bəlkə də dünyanın ən çətin işidir. Bu, serial mənə təcrübə qazandırdı. Sanki İncəsənət universitetini yenidən oxudum. Yaradıcı heyətdən çox şey öyrəndim amma düşündüm ki, elə oxusam yaxşıdır. Seriallara, kinolara baxanda qıraqdan rəy bildirib deyirdim ki, "Mən ondan yaxşı oynayaram" amma o qədər də, asan deyilmiş. Qıraqdan göründüyü kimi asan deyil. Çox dedim olmayacaq və olmadı da. Qətiyyən bir daha ekranlarda olmağı düşünmürəm. Beynimdə ancaq sənətimdir. Amma reklamlara çəkilirəm. 15 reklamın simasıyam.

- Özünüzü gözəl hesab edirsiniz?

- Özümü o qədərdə gözəl hesab etmirəm, amma özümü sevirəm. Deyə bilmərəm ki, hər kəsdən gözələm, məndən yoxdur. Plastik əməliyyatlara hələki üz tutmamışam, amma gələcəkdə ehtiyac olsa etdirərəm, niyə də yox? Əgər insanın içində hər hansısa nahiyyəsinə görə kompleksi varsa, etdirə bilər. Əməliyyata ehtiyacı olmayanların bu addımı atmasına pis baxıram.

- Yaşlı Sevda sizcə necə olacaq?

- Bir proqram var idi orada özümü sınadım və bəyənmədim. Düzdür, hər yaşın öz gözəlliyi var. Qocalmaq istəyirəm, amma vaxtından tez yox.

- Sizə səhnəmizin "Tık-tık" xanımı deyirlər. Sevda daxildə hələ də, uşaqdır?

"Tık-tık" xanım mahnısını ifa etmişəm yəqin ona görə adımı elə qoyublar. Mən heç böyüməmişəm ki... 33 yaşım var, amma hələ də dərk etmirəm ki, balaca deyiləm. Daxilimdə uşaqlıq hisslərim var.

- Ana olmaq istəyirsiniz?

- Bəli. Uşaqları çox sevirəm. Dünyada olan bütün balacaları Allah qorusun. Onlar barəsində çıxan pis xəbərlərə çox pis oluram. Arzusunda olan hər kəsə övlad sevinci nəsib olsun, onların da, içində mənə.

- Yerli, yoxsa xarici modelyerlərlə çalışırsınız?

- Yerli dizaynerlərimizi dünyanın heç bir modelyerinə dəyişmərəm. Çox istedadlı modelyerlərimiz var. Onların yaratdığı əl işləri mənim üçün dünyanın ən bahalı geyimlərindən üstündür. Bir neçə atelye var ki, onlarla sevə-sevə çalışıram. Həyatda ən böyük məsləhətçim anamdır, amma geyimlərimdə son qərarı özüm verirəm. Çünki geyindiyim paltarı mən daşıyacam. Onda xoşbəxt olmalıyam.

- Heç peşman olmusunuz?

- Həyatda atdığım heç bir addımıma görə peşman olmamışam. Bu xüsusiyyətimi çox sevirəm.

- Beynəlxalq müsabiqələrdə sizi nə vaxtsa görəcəyk?

Ola bilər. Gələcəkdə təklif gəlsə razılaşaram. Xaricdə konsertlərim olub, dövlət tədbirlərdə ifa etmişəm.  2010-ci ildə Kislovodskidə "21-ci əsrin Kumiri" müsabiqəsində iştirak etmişəm, amma böyük beynəlxalq layihələrdə yer almamışam.

- Xarici dilləri bilirsiniz?

- Bir az bilirəm. Daha dəqiq desəm özümü ifadə edə bilirəm, amma tam peşəkarlaşdırmaq üçün kurslara getməyi düşünürəm. Hətta repertuarımda xarıcı dillərdə mahnılarım var. Məsələn rus, türk, ərəb, ingilis olub. Pis alınmayıb məncə. Şivəm yoxdur.

- Vaxtı ilə sizə "Yeni Ulduz"un gənc müğənnisi adı ilə təqdim edirdilər. Nədənsə bu təqdimadan narazı idiniz. Buna səbəb nə idi?

Çünki elə düşünürdüm ki, dəvət edənlər məni çox balaca, təzə addım atan müğənni kimi dəyərləndirirdilər. Gənclik dövrüm hələ də, davam edir.


Sevda Bayramova
Video - FOTO: Fərid Şabanov