-
- 26-09-2019, 01:41
- 1 737
Hansı daha faydalıdır: qaçış, yoxsa yeriş?
ABŞ-da aparılmış bir tədqiqatda 33.000 qaçışçı və 16.000 nəfər idman yerişi ilə məşğul olan şəxs iştirak edib.
News24.az xəbər verir ki, altı il ərzində yerişin və qaçışın bu və ya digər xəstəliklərə tutulma riskinə təsiri öyrənilib. Tədqiqatlar göstərib ki, idman yerişi ilə məşğul olmaq qan təzyiqini, qanın tərkibində şəkərin və lipidlərin (piylər və piy maddələri) səviyyəsini azaldır.
Bu barədə dəqiq məlumatlar belədir: qaçış yüksək təzyiq riskini 4,2 faiz, yeriş isə 7,2 faiz azaldır. Qaçış ilə məşğul olanların diabet xəstəliyinə tutulma riski 12,1 faiz, sürətli gəzintilərdə və idman yerişi məşğələlərində isə 12,3 faiz azalır.
Bu araşdırmaların əsas nəticəsi ondan ibarətdir ki, idman məşğələləri zamanı həlledici amil hərəkətin sürəti deyil, sizin qət etdiyiniz məsafədir. Buna görə də əgər çox məşğulsunuzsa və vaxtınız azdırsa əyləşməkdənsə qaçmaq yaxşıdır. Lakin əgər boş vaxtınız varsa, qaçmaqdansa gəzmək yaxşıdır. Daha bir məqama diqqətinizi cəlb edirik: burada söhbət ahəstə gəzintilərdən deyil, idman yerişi məşğələlərindən gedir. Hərçənd, sakin gəzintilər də hamı üçün vaxtaşırı lazımdır.
Çoxdan məlum olan və bir daha təsdiqlənmiş nəticə belədir: fiziki fəallıq bir sıra xəstəliklərin qarşısını almaq üçün ən səmərəli vasitə, idman yerişi isə sağlamlığı möhkəmlətmək üçün əla vasitədir. Həftədə azı 2 saat idman yerişi ilə məşğul olmaq lazımdır.