-
- 28-09-2019, 22:27
- 839
Soyuqdəymə zamanı qəbul edilən çaylar
Soyuqdəymə aşağı temperaturun, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır. Əslində xəstəliklər arasında onu xüsusi nozoloji vahid kimi ayırmasalar da, bir sıra infeksiyalar və iltihabın inkişafına təkan verir. Xüsusən də qrip, paraqrip, adenovirus, herpes, göyöskürək, stafilokok və pnevmokok infeksiyaları soyuqdəymə zamanı daha tez baş qaldırır.
News24.az xəbər verir ki, soyuqdəymənin müalicəsində ən səmərəli üsullardan biri preparat, məlhəm və məcun deyil, bol isti maye qəbul edilməsidir.
Başqa fəsad verməyibsə, soyuqdəyməni ev şəraitində də müalicə etmək olar,-deyə həkim-fitoterapevt Esmira Zeynalova söyləyir. Çay və ya dəmləmənin çox içilməsi toksinləri orqanizmdən sürətlə xaric edir. Qəbul edilən maye vitaminlərlə zəngin olanda müalicə daha yaxşı səmərə verir.
Həkim-fitoterapevt soyuqdəymə çaylarından bir neçəsinin hazırlanma qaydası haqqında məlumat verib. Onun dediyinə görə, bu sahədə ən yaxşı üsullardan biri ballı-limonlu çaydır. Bunun üçün həm qara, həm də yaşıl çaydan istifadə etmək olar. Dəmləməyə bir az limon şirəsi və 1 çay qaşığı bal əlavə edilməsi onu C vitamini ilə zənginləşdirir, mikrob və iltihab əleyhinə təsir göstərir. Sadəcə olaraq limon şirəsi və bal qaynar deyil, bir qədər soyumuş çaya əlavə olunmalıdır.
Digər bir üsul moruqlu-cökəli çaydır. Çökə çiçəkləri üzərinə qaynar su tökülərək ağzı bağlı halda 5-10 dəqiqə dəmlənilməyə qoyulur. Həmin vaxt onun üzərinə moruq meyvələri və yarpaqları əlavə etmək olar. İçməzdən qabaq 1-2 çay qaşığı moruq mürəbbəsi əlavə olunması məsləhət görülür.
Zəncəfilli-limonlu çay da soyuqdəymə zamanı çox yaxşı fayda verir. Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 xörək qaşığı limon şirəsi və bal, bir çimdik darçın qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə edilir. Onun qəbulu orqanizmi isidir, tərlədir və mikroblarla mübarizəyə kömək edir.
Minerallı isti süd məhlulu yaxşı müalicəvi təsirə malikdir. Qələvi mineral suyun qapağı açılır və 1 saat ərzində tərkibində olan qazların xaric olması üçün gözlənilir. İnək südü isidilərək mineral su ilə yarıbayarı qarışdırılır. İlıq şəkildə içəndə bəlğəmi yumşaldaraq xaric olunmasını asanlaşdırır.
Həkim-fitoterapevtin dediyinə görə, çox yaxşı təsirə malik vasitələrdən biri sarımsaqlı süddür. Onu hazırlamaq üçün sarımsaq qabığından soyulur, əzilərək şirəsi çıxarılır. 1 stəkan isti südə 10 damcı şirə əlavə olunaraq gecə yatmazdan əvvəl içilməsi orqanizmə bakterisid və virus əleyhinə təsir göstərir.
Çuğundur şirəsindən hazırlanan çayın qəbulu da soyuqdəyməni aradan qaldırır. Çuğundur sürtgəcdən keçirilir, şirəsi sıxılır və gündə 3-4 dəfə 3 damcı burun dəliklərinə damızdırılır. Zökəmin müalicəsində ən yaxşı vasitələrdən hesab edilir.
Daha bir üsul itburnu çayının qəbuludur. Qurudulmuş itburnu meyvələri xırdalanır, 5 xörək qaşığı götürülərək termosda 1 litr qaynar suda dəmlənir, səhərdən başlayaraq 1 saat fasilə verməklə 1 stəkan içilir.
Bunlardan başqa exinaseyalı və udi hindi məhlulu ilə hazırlanan çaylar da soyuqdəymə zamanı çox faydalı və təsirli müalicə üsullarından biridir.