"250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır" MƏHƏBBƏT VƏLİYEVA - FOTO
    • 2-10-2019, 12:06
    • 942

"250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır" MƏHƏBBƏT VƏLİYEVA - FOTO

"Məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır. Çünki Təhsil Nazirliyinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin nəticələrinə görə ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizi əhatə edib".

News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bunu təhlil edərkən ölkə üzrə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələrin ölkə üzrə bərabər paylanmadığı görülür: "Elə kəndlərimiz var ki, orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcəyinə əminik".

Nazir müavini qeyd edib ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı ölkə əhalisinin, 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".

Afaq Mirayiq
Foto-Fərid Şabanov