"Ona ömürlük cəza verin, üç uşağı yetim qoyub..." - MƏHKƏMƏDƏ QALMAQAL
    • 3-10-2019, 13:38
    • 756

"Ona ömürlük cəza verin, üç uşağı yetim qoyub..." - MƏHKƏMƏDƏ QALMAQAL

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrlik etdiyi iclasda prokuror çıxış edərək Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun yaxınları məhkəmə zalında narazılıq ediblər. Onlar qışqıraraq ömürlük cəza tələb ediblər.
Qətlə yetirilən qadının həyat yoldaşı Kənan Əhmədova ömürlük cəza təyin edilməsini tələb edib: "Üç uşaq yetim qaldı. 30 yaşlı bir qadının başını kəsən şərəfsiz necə azadlığa çıxa bilər. Onlar analarının qatilini 20 ildən sonra azadlıqda görəcək? Bu uşaqlar onu öldürməsin, nə etsin?", - deyə hüquqi varis bildirib.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr səsləndiriblər. Hakim prosesdə fasilə elan edib və 30 nəfərə yaxın şəxs məhkəmə icraçıları tərəfindən çətinliklə məhkəmə zalından çıxarılıb. Məhkəmə prosesinin davamında hökm oxunub. Hökmə əsasən, K.Əhmədova 20 il cəza təyin edilib. O, cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə aprelin 17-də Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından tutularaq istintaqa cəlb olunub.
K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.
K.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib. //report