Təmizliyin qurbanları - SÜPÜRGƏÇİLƏR NİYƏ ÖLÜR?
    • 10-10-2019, 19:07
    • 812

Təmizliyin qurbanları - SÜPÜRGƏÇİLƏR NİYƏ ÖLÜR?

Bu gün daha bir süpürgəçi yol-nəqliyyat hadisəsinin qurbanı olub. Paytaxtın Heydər Əliyev prospekti, Sabunçu rayon ərazisində Mənzil İstismar Sahəsinin yolu süpürən işçisini maşın vuraraq öldürüb.

Artıq bununla neçənci dəfədir ki, süpürgəçi yolda iş zamanı həyatını itirir.  
Bəs, belə qəzaların baş verməsinin səbəbi nədir, yaxud belə bədbəxt hadisələrin günahı sürücüdə, yoxsa süpürgəçilərdədir? 
Və ya təmizləyicilər yolu hansı saatlarda süpürməlidirlər? 

News24.az-ın bununla bağlı suallarını cavablayan Baş Dövlət Yol Polis İdarəsinin (BDYPI) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rüfət Quliyevin fikrincə, piyadalar yol hərəkəti qaydalarından düzgün istifadə etmirlər: “Süpürgəçilərin hansı ərazidə işləməli olduqlarını demək mənim səlahiyyətimdə deyil. Belə məsələlər müvafiq qurum tərəfindən təyin edilir. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları mütəmadi olaraq maarifləndirici görüşlər keçirir. Təmizlik işlərinə baxan süpürgəçi və digər əməkdaşlara da işıqqaytarıcı jiletlər verilib. Və tövsiyə olunub ki, həmin jiletlərdən mütəmadi istifadə etsinlər ki, təhlükəsizlik təmin olunsun”. 

Yol polisinin sözlərinə görə, Baş Dövlət Yol Polis İdarəsi lazımi hərəkət təhlükəsizliyi tədbirlərini həyata keçirir: “Müvafiq qaydada profilaktik işlər aparılır. Çox təəssüflər olsun ki, yollarda piyadalar tərəfindən qayda pozuntularına yol verilir. Təbii ki, bu,  yolverilməzdir. Biz eyni zamanda bütün hərəkət iştirakçılarına tövsiyə edirik ki, ciddi şəkildə yol hərəkəti qaydalarına riayət etsinlər. Piyadalar yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Piyada zolağında, yeraltı, yerüstü keçidlərdən yararlansınlar. Amma təəssüflər olsun ki, bəzi piyadalar bu tövsiyələrə əməl etmək istəmirlər və yenə də qanun pozuntusuna yol verirlər. Nəticədə də belə xoşagəlməz yol nəqliyyat hadisələri baş verir. Bir daha fürsətdən istifadə edib piyadaları diqqətli olmağa çağırıram. Tövsiyə edirəm ki, yol hərəkəti haqqında qanuna ciddi əməl etsinlər”. 

Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə bildirib ki, bu məsələdə sürücülər də məsuliyyətli olmalıdır: “BŞİH-dən yol kənarlarının səhər tezdən -5-6 radələrində süpürülməsi tapşırığı verilir. Maşınlar da zibili səhər saat 6-da daşıyır”.  

Afaq Mirayiq