“Peşə təmayüllü siniflərin sayı artırılacaq”- Ceyhun Bayramov
    • 15-10-2019, 16:15
    • 779

“Peşə təmayüllü siniflərin sayı artırılacaq”- Ceyhun Bayramov

Bu gün  “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans keçirilib.

News24.az xəbər verir ki, konfransda Təhsil naziri Ceyhun Bayramov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Koreyanın ölkəmizdəki səfiri Kim Tong Op, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ölkəmizdəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların, eləcə də işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin peşə təhsilinin inkişafına xüsusi diqqətini vurğulayan nazir bildirib ki, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyən olunub.

Ceyhun Bayramov deyib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsil naziri bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.
Peşə sahəsində beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən söz açan Təhsil nazirinin sözlərinə görə, yeni yaradılan Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə çatdırılacaq.

Sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz növbəsində peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin vacibliyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və birgə əməkdaşlığın daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov “Peşə təhsilinin sənayenin inkişafında rolu”, layihə mütəxəssisi Myonqon Şin isə “Koreyanın texnoloji inkişafının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.

Afaq Mirayiq