Azərbaycan Rusiyaya NOTA VERDI
    • 15-10-2019, 19:23
    • 755

Azərbaycan Rusiyaya NOTA VERDI

Azərbaycan Rusiyaya nota verib.

Cari ilin 11 oktyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilmişdir.

Bundan əlavə, Notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanmış, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi rica edilmişdir.