-
- 18-10-2019, 20:31
- 931
DİN-dən qanunsuz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.
Bu barədə News24.az -a nazirlikdən məlumat verilib.
Xatırladaq ki, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, onların faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etməsi nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına nəticə etibarı ilə ictimai asayişin pozulmasına səbəb olmuşdur. Lakin buna baxmayaraq həmin hüquqazidd əməllərin qarşısı alınmış və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.
Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişin pozmaq olduğunu göstərir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcəkdir.
Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəkdir.