Qurban Qurbanov:
    • 19-10-2019, 19:50
    • 754

Qurban Qurbanov: "Alınmadı"

"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Hər halda futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. "Qəbələ" son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm".

News24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis oyuna aqressiv başlamamalarından şikayətlənib: "İlk dəqiqələrdən diqqətsiz oynadıq. Cərimə meydançamıza girməyə diqqətsiz qaldıq. Narazı qalmağımız istədiyimiz templə başlamamağımız oldu. Elə oyunlar var ki, futbolçuları qınamaq mümkün olmur. Uzun müddət qələbə seriyası yaxalayan komanda elə gözlənilməz anda xal itirir. Oyunçu nə qədər özünü motivasiya etsə də, daxili arxayınlıq onu matça kökləməyə mane olur. Bəzən belə xal itkilərinin də komandaya qələbədən çox xeyri olur".

Qurbanov yüksək sürətlə avtomobil idarə etməsini sosial şəbəkədə paylaşdığı üçün Araz Abdullayevi cəzalandırdığını bildirib: "Bu barədə geniş açıqlama verməyə ehtiyac yoxdur. Belə şeylərə ciddi önəm veririk. Klubumuzun qaydaları var. İstiahəti də, həzzi də özümüz üçün yaşamalıyıq. Hər bir futbolçunun başına gələn işdir. Sadəcə, cəzalar fərqli olur. Araza da belə cəza tətbiq etdik. Dərindən düşünsək, maşını bir az sürətli sürüb. Biz cəmiyyət üçün belə hərəkətlər etməli deyilik. Arazda islah çox olub. Onun düşünmədən belə hərəkətlərini görmüşük. O və Elvin Yunuszadə bəxtsiz futbolçulardandır. Dünyada da heç nədən problemlər yaradan futbolçular var. İstərdim ki, biz futbol oynadığımız dönəmdə daha çox futbolu düşünək".

Baş məşqçi oktyabrın 24-də Bakıda Kipr APOEL-i ilə keçirəcəkləri matça son oyun prizmasından yanaşmamalarının gərəkliyini diqqətə çatdırıb. Onun fikrincə, belə yanaşma ilə problem yaşaya bilərlər: "Düdelanj"la oyundan əvvəl də demişdim ki, hər şey son turda bilinəcək. Matça daha düzgün yanaşmalı və düzgün oyun qurmalıyıq".

Təcrübəli mütəxəssis zədəli Mahi Emrelinin durumundakı irəliləyişlərdən də danışıb: "Mahirin vəziyyəti yaxşılığa doğru gedir. Ötən gün topla azacıq da məşq etdi. Ən azı sonradan oyuna daxil olma ehtimalı var".