Rusiyanın məşhur şirkəti Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək
    • 21-10-2019, 17:53
    • 1 065

Rusiyanın məşhur şirkəti Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək

Bakı metropoliteninin lokomotiv parkında istismar müddətini başa vuracaq vaqonların yeniləri ilə əvəzlənməsi istiqamətində ən mühüm addımlardan biri atılıb.

"Bakı Metropolitenindən" QSC-dən News24.az-a verilən məlumata görə, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək.

Bununla əlaqədar Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərində "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb. Müqaviləni "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov imzalayıblar.

Müqaviləyə əsasən, il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində zavodda Bakı metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq.
Onu da vurğulamaq lazımdır ki, bununla Bakı metropolitenində istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.
İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.
Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə isə 81-765/766 tipli 10 vaqon alınmışdı. Cari il Rusiyadan gətirilmiş vaqonların sayı əvvəlki üç ildən daha çox olub. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Bütün bunlarla yanaşı, Bakı metropoliteni üçün istehsal olunacaq vaqonlarda qarşıdakı müddətdə "Transmaşholdinq" şirkətinin vaqon istehsalı ilə bağlı həyata keçirəcəyi yeniliklər də xüsusi nəzərə alınacaq.