“Elə cavab verərəm, yeddi qatından keçər...” – Stilist Anar Ağakişiyev - VİDEO - MÜSAHİBƏ
    • 24-10-2019, 10:42
    • 1 388

“Elə cavab verərəm, yeddi qatından keçər...” – Stilist Anar Ağakişiyev - VİDEO - MÜSAHİBƏ

Sorağı gah Türkiyədən gəlir, gah da Braziliyadan... Bir qədər əvvəl “sehirli çubuğu” ilə Demet Akalını gözəlləşdirib. Deyir, hələ bu harasıdır. Bu gün sabah Parisi də fəth edəcəm. Söhbət “əlini kimə vursa, gözəlləşdirir” dediyimiz stilist Anar Ağakişiyevdən gedir. 

O, News24.az-a Türkiyə macərasından, yeniliklərindən danışıb, təəsüüratlarını bölüşdü:

Makiyajım 80 milyonluq Türkiyəni sirkələdi

- Türkiyə macəralarım tam təsadüfən baş verdi. Qətiyyən planlaşdırılmış hadisə deyildi. Marşrutum Baki-İstanbul, İstanbul-Sloveniya idi. Hər il arıqlamaq üçün Sloveniyada müalicə alıram. Amma işimlə bağlı yolüstü İstanbulda da oldum. Həmin ərəfədə mənə böyük bir şirkətdən iş təklifi gəlmişdi. Onların reklam çarxlarının siması oldum. Orda tam təsadüfən Selin Ciyərçi ilə tanış oldum. Yəqin bilirsiniz, o, dünyaca məşhur fenomendir. Onunla bir-birimizi “İnstagram”da izləyirdik. Selinin kiprik markası var. Həmin markanın məhsulu ilə Selinə makiyaj edib, videonu paylaşdım. Söhbətarası ona söylədim ki, Demet Akalına “makeup” etmək istərdim. Qismət elə gətirdi ki, Selinin makiyajını Demet Akalın özü gördü və bəyəndi. Sonra məndən konsert üçün onu bəzəməyini istədi. Konsertin birinci gecəsində makiyaj etdim, sonra daha bir neçə çıxışında onu bəzədim, beləcə, dostlaşdıq. Əslində, Demet xanımın özü çox gözəldir, amma makiyajımdan sonra daha da, gözəlləşdi. Onun çox sevildiyini  bilirdim, amma bu qədərini təsəvvür etmirdim. Bir makiyaj 80 milyonluq Türkiyəni sirkələdi. Sosial şəbəkələr, maqazin proqramları, media hər kəs Demetə etdiyim makiyajdan danışırdı. Düzünü desəm, insanların belə aşırı marağı, təəccübü mənə qəribə gəlirdi. Çünki mənim üçün bu, adi hər gün gördüyüm iş idi. Ürəyimdə deyirdim “Ay Allah, sən mənim insanları təəccübləndirən o fərqi görməyimə kömək ol ”

Niyə məhz Demet Akalın?

-  Çünki o, türk estradasında bəyəndiyim xanım müğənnilərinin sırasındadır, pop kraliçadır. Demet çox ulduzları kölgədə qoydu. Elə götürək, Hande Yenəri. Zamanında Hande “aləmi dağıdırdı”, amma indi ortalıqda yoxdur. Demetsə açıq sözlüdür, polemikalarda yaxşı cavab verir. Onun hər klipi, mahnısı uğurludur. Mən də belə uğurlu insanlarla çalışmağı, dostluq etməyi sevirəm. Uğursuzluq paxıllığın göstəricisidir. Ətrafımda müəyyən insanlar olub ki, tənbəlliklərinin ucbatından uğur qazanmayıblar və bu da onlarda paxıllıq yaradıb. 


Demetlə görüşə 40 dəqiqə gecikdim...

- Demetin “ulduz kaprizləri” varmı?

-  Qətiyyən. Özü bunu TV8-də də dedi. Dedi ki, mən peşəkar insanların işinə qarışmıram. İstanbul alışmadığım şəhərdir, Baki kimi deyil. Burda 5 dəqiqəyə istədiyim nöqtəyə çata bilərəm. Amma orda... İstanbulda Demetlə görüşə 40 dəqiqə gecikdim. Başqası olsaydı, keyfi qaçardı, məni danlayardı, deyinərdi. Amma o, yubanmağımı çox sakit qarşıladı, səbrlə məni gözlədi. Bircə konsertin vaxtını mənə xatırladıb gecikməyəcəyimizi soruşdu. 10 dəqiqənin içində makiyajını elədim, saçını düzəltdim, özü də məəttəl qaldı.

Akalın efirdə dedi ki, siz onun makiyaj ustasının prosesi izləməsinə icazə vermisiz. İşinizlə bağlı qısqanclığınız yoxdur?

Yox, qətiyyən. Bilmirəm niyə, amma bizim şou-biznesdəki dırnaqarası nümayəndələrimiz və həmkarlarım düşünürlər ki, paxılam. Uğurlu, özünə güvənən peşəkar paxıl olmamalıdır. Demet xanımın makiyaj ustasına prosesi göstərməklə bəyəm ruzum azalacaq? O, 40 ilin ustasıdır. Mənim yaşımdan çox iş təcrübəsi var. Ona görə də, hər şeyi göstərdim. Yeganə Demet xanımın üzündə istifadə etdiyim komsetik vasitədən başqa nə vardısa, hamısını dedim. O formulanı heç kimə göstərmirəm. Bunu eləsəm, bütün karyeram alt-üst olacaq. 

Şöhrətdən başım gicəllənir

- Həqiqətəndəmi Anarın makiyajı 5.000 dollaradır?

Əslində bəli, qiymət budur. Amma xaricilər üçün belədir. Demet Akalından isə qonorar almadım. Onunla münasibətimdə maddiyyat arxa plana düşür. Düzdür, Demet xanım pul təklif elədi. Amma mən götürmədim. Çünki ona makiyaj etmək mənim üçün şərəfdir. Hətta verilişlərin birində bir fikir səsləndi ki, Demet Anarı yanında saxlamalıdır və buna maddi gücü də çatar. Biz ikilikdə bu məsələni müzakirə etdik. Demet xanıma izah etdim ki, narahat olmayın, nə vaxt lazım olsam, mən yanınızda olacam. Sizə bir sirr də açım. Oktyabrın 28-i Selin Ciyərçinin toyudur. Məclisin bir çox tanınmış qonaqlarına, TV8 aparıcılarına, Demet Akalına, bir də gəlinə mən makiyaj edəcəm. Artıq başım şöhrətdən gicəllənmək üzrədir... (gülür) Bu şansı qaçırmayacam.

- Dediniz ki, artıq başım gicəllənir. Şöhrət Anarı dəyişə bilər?

Əlbəttə ki, yox. O sözləri mən zarafatla dedim. Mənim bundan da, böyük, səs-küyə səbəb olan uğurlarım olub. “İnstagram”da dünyaca məşhur Paris Hilton məni izləyir, onda gərək burnu havalarda gəzim. Mən elə tərbiyə almamışam, heç zaman keçmişimi unutmuram. 

Köçürəm...

- Deyirlər, Azərbaycanı birdəfəlik tərk edirsiniz. Doğrudurmu?

Doğrudur. Ötən il demişdim ki, iki ildən, kosmetik vasitəm hazır olan kimi Parisə köçəçəm. Amma sonra Türkiyə macərası alınandan sonra qərara aldım ki, şansımı qaçırmayım. 1 il 7 aylıq İstanbula köcəcəm. Burdan kimdənsə incidiyim üçün getmirəm. Mən çox nadir hallarda kimdənsə dərindən inciyirəm. Məsələn Toliklə həftədə 100 dəfə mübahisəmiz yaranır, inciyirik, amma sonra da barışırıq. Bu yaxınlarda bir nəfərlə intriqa yaşadım. O adam aparıcıdır, ya nədir, heç bilinmir. Eləsindən uzaq gəzirəm, çünki çox təhlükəli adamdır. Elə çıxmasın ki, ondan qorxuram, yox, sadəcə enerjimi, vaxtımı ona ayrımaq istəmirəm. 20 ildir Azərbaycanda çalışıram, başım göylərə dəyib. Bundan artıq neyləyə bilərəm?!

Şou-biznesdə qədrimi bilmədilər

- Düşünürsüz, Anarın qədri bilinmədi? 

Müştəri çoxluğu baxımından qəti problemim yoxdur, “n” qədərdilər, istədiyim qonorarı da verirlər. Müğənnilərinsə bəziləri bu gün yanıma gəlirdilər, səhəri başqa ustanın yanına qaçırdılar. Heç yaxınıma buraxmadığım, məndən çox geridə olan birinin yanına gedib eyni tərifləri deyirdilər. Bəlkə də, bu baxımdan siz dediyiniz kimidir, razıyam, amma yenə də nəticəni tamaşaçılar desin. Amma bizdə ümumiyyətlə, insan həyatını dəyişəndən sonra qədirini bilirlər. Görək məndə necə olacaq.

-Türkiyədən sonra hansı ölkəni “fəth etməyi” düşünürsüz?

-Türkiyədən sonra hədəfim birbaşa Parisdir. İstəyirəm ki, kosmetik vasitəm “Made in Azerbaijan” olsun, amma şirkət “Made in France” olmasını istəyirlər. Məhsulun Azərbaycanınkı kimi təqdim olunması üçün sənədləşmədə çox böyük problemlər yaradırlar. Çünki “Made in Azerbaijan” adı altında təqdimat olsa, məhsul ölkəmizdə istehsal olunmalıdır. Bizdə isə hələ ki, istədiyim peşəkarlıqda istehsal edən fabriklər, zavodlar yoxdur. 

“Müştərilərimin arasında məmur xanımları da var”

- Kifayət qədər məşhurları bəzəyirsiniz. Amma, Anarın yaradıcılığının digər bir tərəfi də var. Üzündə, dərisində problemləri olan xanımları gözəlləşdirirsiniz..

Hə, belə problemi olan qadınlar mənə sosial şəbəkədə yazırlar, müraciət edirlər. Gördüyüm işi izləyən milyonların içində onlar da var. Onları bəzədikdən sonra dərisində problem olan xanımlar artıq utanmırlar, üzərlərində çalışırlar, özgüvənləri artır. Son zamanlarda belə qadınlara daha çox dəstək olmağa çalışıram. Qadınlar həyatımızın mənasıdır. Amma nədənsə bu ifadə son çox vaxt bir az başqa cür anlaşılır. Qadın “mister x”-ın arvadıdır, uşaqlarına baxandır, qaz pilətəsinin yanında duran, çirkli paltarları yuyandır Bəyəm qadın bunun üçün yaranıb? Bu stereotipi, bu düşüncəni dağıtmaq, sındırmaq lazımdır. Qadın hər bir işi görə-görə həm də, gözəl görünə bilər. Hər bir postun altında bu cür çağırış edirəm. Mən onları başa salıram ki, siz bu dünyaya 15 yaşında ərə verilmək, ancaq ev işlərini görmək üçün doğulmamısınız.

Sizə dövlət məmurları və ya onların xanımlarından müraciət edən varmı? 

Bəli. Bir çoxları ilə çalışıram. Hətta müştərilərimin arasında tanımadığım dövlət adamlarının xanımları da var. 

Şəxsi həyatıma vaxtım yoxdur

-  Siz insanlara təkcə stilist kimi yox, həm də şəxsi həyatınızla da maraqlısız. Həyatınızı paylaşmaq istədiyiniz biri varmı? 

Yox. Çünki şəxsi həyatıma ayıracaq vaxtım yoxdur. Bu haqda heç düşünmürəm də. Bir ayda 6 hava limanı, 12 təyyarə dəyişmək anormal qrafikdir. İndi həyatım yalnız karyeradan ibarətdir. Amma yəqin ki, belə getməz. Şəxsi həyatımda nə vaxtsa kimsə olar. O qədər də yaşlı deyiləm. Hələ qabağda 5 ilim var. İndi burda sizinlə söhbət edə-edə ayın 26-da özümlə götürəcəyim əşyaları düşünürəm. Çünki mənim iş görən zaman əlimin altındakı lazımlı fırçamı tapmasam, çox dərin depressiyaya düşə bilərəm.

Yəni Anarı bu qədər tez depressiyaya salmaq olar? 

Depressiyaya çox tez düşmürəm, amma olanda da çox dərin olur. Düzdür, özümü tez əla ala bilirəm. Çünki daim B planım var. Daha çox işimlə bağlı depressiyaya düşə bilərəm. Tənbəllik edib hər hansı işimi qaçırsam, depressiyaya düşə bilərəm. Eyni zamanda məni eşq-meşq məsələləri depressiyaya sala bilər, ona görə də, bacardığım qədər belə şeylərdən uzaq gəzirəm. Mənə olan haqsızliq görəndə, depressiyaya düşürəm. Bir də insanların paxıllığı məni pis vəziyyətə salır.

İstəyirəm səhnəyə çıxanda desinlər ki...

 Tənqiddən qorxursunuz?

Yox. Əgər, o tənqidə layiqəmsə, kritikaya hər zaman açığam. Amma gərək tənqidlə, təhqiri səhv salmayalar. Təhqir varsa, sakit durmayacam, elə cavab verəcəm, yeddi qatından keçəcək.

Daha hansı böyük arzunuzun gerçək olmasını istəyərdiniz?

Ən böyük arzum fəxri ad almaqdır. Düzdür, bizim şou-biznesdə fəxri ad çox adiləşib Amma xaricdə bu, böyük rol oynayır və bir çox qapıları açır. Çox istəyirəm ki, səhnəyə çıxanda Azərbaycanın Əməkdar İncəsənət xadimi kimi təqdim olunum. 

Sevda Bayramova
Video-FOTO: Fərid Şabanov