“Palatka toylarından keçmişəm” - NURİ SƏRİNLƏNDİRİCİ
    • 25-10-2019, 12:40
    • 1 505

“Palatka toylarından keçmişəm” - NURİ SƏRİNLƏNDİRİCİ

Həmişə medianın gündəmindən yayınmağa çalışan, lirik ifaları ilə bir çoxlarının ürəyini oxşayan Nuri Sərinləndirici növbəti konsert proqramı üçün hazırlıq görür.

Hər il eyni vaxtda, həm də anşlaqla keçən konsertləri haqda ilk dəfə News24.az-a danışdı. Nuri və Janenin növbəti konserti Heydər Əliyev Sarayında oktyabrın 26-27-si baş tutacaq.

- Bu dəfəki konsertdə heç bir yerdə ifa olunmayan yeni mahnılarımız səslənəcək. Konsertlərimiz rəqs, şou üzərində qurulmur. Əsas məqsəd canlı-canlı ifalarımızı təqdim edib, dinləyicilərimizin zövqünü oxşamaqdır. Biz istəsək, orada fərqli, rəngarəng rəqs nömrələri də nümayış etdirə bilərik, amma düşünürəm ki, buna ehtiyac yoxdur. Konsertlərimizə sırf bizi dinləmək üçün gəlirlər. 

Konsertlərinizin əksəriyyəti məhz oktyabr ayına təsadüf edir. Bu tarixin sizin üçün hansısa özəlliyi var?

Yox, xüsusi tarix deyil. Sadəcə, oktyabr ayı payızın son günləri, yeni ilə hazırlıqların başlanğıcıdır. Ona görə də biz oktyabrı sevirik. Həm də, bu ay bizim üçün uğurludur. Çalışırıq ki, daim ənənəyə sadiq qalaq. 


- Bir çox həmkarlarınızın buna cəsarət eləmədiyi bir vaxtda siz hər il konsert verirsiniz və hamısı da anşlaqla keçir. “Proval”dan qorxmursuz?

- Dinləyicilərimizə təşəkkürümü bildirirəm. Çünki onlar olmasalar, heç bir anşlaqdan söhbət gedə bilməz. Konsert etmək üçün güclü komanda olmalıdır. Düşünürəm ki, bizim musiqiçilərimiz bu işin öhdəsindən layiqincə gəlirlər.

- Yerli bəstəkarlarla çalışırsınız?

Bəli. Bir çox mahnılarımın bəstəsi Xanım İsmayılqızına aiddir. Bilirsiniz, “bəstəkaram” deyən çoxdur, amma yaxşıları azdır. Hər mahnı yazana bəstəkar demək olmaz. Azərbaycanda elə insanlar var ki, musiqi savadı olmaya-olmaya gözəl mahnılar yazırlar. Elə musiqilər öz sözünü deyir, dinləyicilərin zövqünü oxşayır.

İfa tərzinizi heç vaxt dəyişmirsiz. Dinləyəcilərinizi itirməkdən qorxursunuz?

- Əgər elə bir addım atsam, təbii ki, təsir edər. Sevənlərim məni bu cür qəbul edib. İnanmıram ki, janrımı dəyişsəm, məndə uğurlu alınar.

Həyat yoldaşınızla musiqi seçimində fikir ayrılığı olurmu?

- Əlbəttə olur. Həm də həmişə. Nəinki Jane ilə, musiqiçilərimlə də olur. Hər kəs öz fikirini səsləndirir. Nəticədə səhvlərimiz olur amma bacardığımız qədər onları bərpa etməyə çalışırıq.


Niyə həmişə mediadan, insanlardan qaçırsınız, əlçatmaz görünmək istəyirsiz? 

 - Qətiyyən. İnsanlarla münasibətdə olmağı sevirəm. Amma şəhərdə rahat gəzə bilmirəm. Çünki çox diqqətdən sıxılıram, utanıram, necə deyim, bir az qapalıyam. Ona görə də sərbəst olmağı sevirəm. İstəyirəm ki, şəhərdə olanda hamı kimi rahat gəzib-dolana bilim. İstəmirəm desinlər ki, Nuri addımını niyə belə atdı, başını niyə qaşıdı. Nəsə belə söhbətlərdən ehtiyat edirəm. 

 - Ciddi kompleksləriniz var. Deyirsiniz, çoxluq olan yerlərdə sıxılıram. Bəs, konsertlərinizdə kifayət qədər qadınlar olur və onlar sizinlə şəkil çəkdirmək üçün növbəyə dururlar. O zaman neyləyirsiniz? 

Qadın anadır, bacıdır, həyat yoldaşıdır. Mən dinləyicilərimlə çox yaxınam. Onlar da bunu hiss edib, yaxınlaşıb, şəkil çəkdirirlər. Fərqi yoxdur qadın, bəy, uşaq hər biri mənim üçün doğmadır. Konsertlərdə qətiyyən sıxılmıram.

- Siz vaxtıilə İlhamə Quliyeva ilə duet oxumusuz. Bunun təşəbbüskarı kim idi? 

Təklif İlhamə xanımdan gəlmişdi. Yaşıl Teatrdakı konsertimə gəlib, dinləmişdi sonra da, Lamiyə xanımla əlaqə saxlayıb, mənimlə duet oxumaq istədiyini demişdi. İlhamə Quliyeva gözəl sənətkar olub. Çox xoşbəxtəm ki, onunla tanış olub, çalışmışam.

Sizin səsinizdən bəzi cizgi film personajlarının dublyajında istifadə olunur. O videoları sevənləriniz göndərir, yoxsa özünüz hazırlayırsınız?

Onları özüm sevə-sevə hazırlayıram. Əgər, kiminsə üzündə xırda bir təbəssüm yarada bilirəmsə, nə xoş mənə. Bəzilərini də özüm səsləndirirəm.

Deyirlər Nuri toya ən baha qiymətə gedən müğənnidir. Düz deyirlər? 

Onu deyə bilərəm, amma musiqiçilərimizin hər biri peşəkardır. Onlar sıradan ifaçı deyil, ona görə də çıxışlarının öz qiyməti var. Toya da xüsusi hazırlaşmaq lazımdır. Mənə gəlincə, uşaqlıqdan toylarda çıxış edirəm. O, vaxt konsert vermirdim ki... Ancaq el məclislərinə gedirdim. Fərqi yoxdur kənd, rayon “palatka” toyu hər birindən keçib görmüşəm. Toy məktəbdir. Toyu necə alçaltmaq olar? Toyu gərək ürəklə, canla idarə edəsən. İnsanlar hər şeyi görürlər. Hər şey göz qabağındadır.  Onlar bilirlər kim toyda necə oxuyur. Azərbaycanda kifayət qədər peşəkarlar var. Amma bəziləri bunu bacarmırlar deyə ancaq danışırlar. Onlara tövsiyəm odur ki, danışmaqdan çox iş görsünlər. 

Söhbətləşdi: Sevda Bayramova
VİDEO-FOTO: Fərid Şabanov