Oktay Güləliyevin qəsdən vurulması həqiqəti əks etdirmir - RƏSMİ
    • 31-10-2019, 18:08
    • 819

Oktay Güləliyevin qəsdən vurulması həqiqəti əks etdirmir - RƏSMİ

Oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada, Bakı şəhər sakini Oktay Güləliyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər prokurorluğunun mətbuat xidmətlərindən News24.az-a verilən birgə məlumatda qeyd olunur ki, bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunaraq aşağıdakılar bildirilir.

Müvafiq cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 2019-cu ilin iyun ayından “A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu əməkdaşlıq etdiyi digər taksi şirkətinin çağrı nömrəsinə hadisədən təxminən 2 saat əvvəl daxil olmuş sifarişi icra etmək üçün həmin şirkətə məxsus “Hyundai Accent” markalı, 90-PZ-543 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzində yerləşən “Nizami” kinoteatrının qarşısından milliyətcə ərəb olan Məhəmməd adlı şəxsi və onun tərcüməçisi Məmmədov Nail Şamil oğlunu Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparmışdır. Müəyyən vaxtdan sonra müştəriləri geri qaytararkən saat 17:19:16-da Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönərək hərəkətini davam etdirmiş, saat 17:21:48-də isə avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürmüşdür.