Falçı və ya fırıldaqçı: yüksək rütbəli məmurlarla
    • 2-11-2019, 18:46
    • 1 596

Falçı və ya fırıldaqçı: yüksək rütbəli məmurlarla "işləyənlər"

El arasında bir söz var: fala inanma, falsız da qalma. Falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb. Əgər diqqət yetirmisinizsə, bəzi falçılar yüksək rütbəli məmurlarla "işlədiklərini", yəni onların işini "düzəltdiklərini" iddia edirlər. Falçılığa başlayandan az müddət sonra bahalı maşınlarda gəzməyə başlayırlar.

News24.az bildirir ki, hər falçının da öz üslubu, öz tərzi var. Kimi kartla fala baxır, kimi kompyuterlə, kimi kitab açır, kimi şəkər tozu ilə, kimi su ilə, kimi qəhvə ilə, kimi də əlin içindəki naxışlara baxaraq... Kim bilir, hələ bu çeşidlərə daha neçəsi əlavə ediləcək.
Falçı heç vaxt ondan imdad gözləyən cahilə acı proqnoz söyləməz, çünki qapısına gəlmiş müştərini itirməkdən qorxar. Olmayan iş üçün gəlsələr belə, yenə bir ümid qapısı uydurar, təsəlli verməyə, onları özünə bağlamağa çalışar. Dərdli adam, əlbəttə, bu cür münasibətdən xoşhal olar, bəlkə də, falçının söylədiyinin yalan olduğunu bilə-bilə o yalana inanmaq, aldanmaq, ovunmaq istər. İnsan bir ümidini itirməmək üçün 15-20 manatı gözüyumulu verir. Amma indi heç 15-20 manatın üzünə baxan da yoxdur. Qiymətlər çox-çox yüksəklərdə oynayır.
Falçıların söylədikləri əsas hökmlərdən biri də budur: "Filankəs sənə əməl elətdirir". Sonra da həmin o filankəsin bəzi əlamətlərini sayır. Falçıya inanan da həmin əlamətlərdən öz düşmənini "müəyyən edir": ya baldızıdır, ya xalası qızıdır, ya qonşusudur, ya da filankəs. Vəssalam, düşmənçilik üçün hər şey var, artıq müharibəyə başlamaq olar. 
Bir zamanlar telekanallarımızda falçıların, cindarların reklamı ilə dolu proqramların sayı getdikcə artmaqda idi. Bu verilişlər elə qurulur ki, guya tamaşaçıları maarifləndirirlər, əslində isə bu proqramlarda falçılığın reklamı gedirdi.
Qısası, özümüzü və övladlarımızı da bu fəlakətdən uzaq tutaq.