“ÖzSüt”-dən açıqlama:
    • 3-11-2019, 12:15
    • 1 145

“ÖzSüt”-dən açıqlama: "Hacıbala Abutalıbova yaxın şəxslərin mülkiyyətindədir"

"ÖzSüt” restoranlar şəbəkəsinin nə Hacıbala Abutalıbovla, nə də onun oğlu İsrafil Abutalıbovla heç bir əlaqəsi yoxdur. Restoranların sahibi başqa şəxsdir, bu restoranlar nə Abutalıbovların, nə də hər hansı digər vəzifəli şəxslərin nəzarətində və tabeliyindədir”.

News24.az xəbər verir ki, bu fikirləri "Yeni Sabah”a "Hacıbala Abutalıbovun biznes obyektləri nəzarətə götürüldü” başlıqlı yazıya cavab olaraq "ÖzSüt” restoranlar şəbəkəsinin hüquqşünası Roman İsmayılov bildirib.

O qeyd edib ki, "ÖzSüt” restoranlarının Türkiyədə 200-dən çox şöbəsi var, Azərbaycanda isə 2014-cü ildən fəaliyyətə başlayaraq ailəvi məkan kimi fəaliyyət göstərir.

"ÖzSüt” restoranlar şəbəkəsinin təsisçisi tamam başqa bir şəxs və həmin restoranların onun tərəfindən  idarə olunduğunu qeyd edən R.İsmayılov "Ola bilsin ki, "ÖzSüt”ün icarəyə götürdüyü mülklərdən hansısa biri Hacıbala Abutalıbova yaxın şəxslərin mülkiyyətindədir. Amma "ÖzSüt” restoranlar şəbəkəsi Abutalıbovların deyil” - söyləyib.

"ÖzSüt”də vergi məmurlarının monitorinqlərə başlamasına gəlincə, R.İsmayılov qeyd edib ki, bununla bağlı hər hansı narahatlıq yoxdur. Belə ki, bu cür monitorinqlər yalnız "ÖzSüt”də deyil, digər restoranlarda da müntəzəm aparılır. Həmçinin, "ÖzSüt” restoranları tərəfindən Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə tam olaraq əməl olunur və Vergilər vaxtı-vaxtında ödənilir.

Xatırladaq ki, Baş Nazirin sabiq müavininə məxsus biznes obyektlərinə vergi məmurları tərəfindən nəzarətin gücləndirildiyi bildirilir və bu biznes qurumları arasında "ÖzSüt”ün də olduğu qeyd edilirdi.