Qax-İlisu yolu YENİDƏN QURULDU - FOTO
    • 4-11-2019, 12:00
    • 1 175

Qax-İlisu yolu YENİDƏN QURULDU - FOTO

Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulub və qurulmaqda davam edir. Bununla da ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu tapşırığın icrası ilə əlaqədar olaraq başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla aparılaraq yekunlaşdırılıb.

Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.

1973-1975-ci illərdə inşa olunmuş III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına inşa olunmuşdur, bəzi hissələrdə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi və avtomobil yolu meşə zolağından keçdiyi üçün yolun çiyinləri texniki dərəcəyə uyğun gəlmirdi.

Qara örtükdən ibarət yolun yaşayış məntəqələrinə giriş hissələrində torpaq yatağının orta eni 6.5-8 metr təşkil edirdi və yolun torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına "damba" şəklində inşa olunmuşdur. IV texniki dərəcəli yolun çiyin hissəsinin orta eni 0.4-0.5 metr təşkil edirdi.

Avtomobil yolunun Qax şəhərinin mərkəzi - Heydər Əliyev prospektində yolun eni 14.2 metr təşkil etməklə 2 və 4 hərəkət zolağından ibarətdir. Ayırıcı zolaq və piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdür.

Yolun Qax şəhəri – İlisu hissəsində isə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi. İlisu kəndi ərazisində yolun uzununa mailliyi 30 % də çox olduğundan və atmosfer sularının yoldan kənarlaşdırılması üçün küvetlər olmadığından yolun hərəkət hissəsində yuyulmalar, çiyin hissəsində 0.5 metr dərinliyində yarğanlar əmələ gəlmişdir.

Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlmişdir. Sadalanan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri aparılıb.

Layihəyə uyğun olaraq, yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb, yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalmış, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmışdır. Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşmüşdüyündən yol boyu müxtəlif diametrlərə malik 1085 paqon-metr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 paqon-metr uzunluğunda azbest və dəmir-beton boruların qurtaşdırılması işləri də aparılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunub, kənarlarına 13.7 min paqon-metr uzunluğunda yeni səki daşları düzülüb, bundan əlavə layihə boyu 8.7 min paqon-metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilib.

Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsü yerləşir. Körpülərdə təkərqaytaran dəmir-beton bloklarda aşınmalar, sınmalar yaranıb, məhəccərlər yararsız vəziyyətə düşüb. Məhz bu problemləri aradan qaldırmaq üçün mövcud hər iki körpüdə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb.

Tikinti layihəsinin sonuncu mərhələsində 10 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçünsə yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yol boyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.