7 il sonra Misir Mərdanov:
    • 6-11-2019, 02:17
    • 864

7 il sonra Misir Mərdanov: "15 illik Təhsil naziri işlədiyim dövrdə səhv qərarım olmayıb"

"Vəzifədən çıxandan sonra dostlarımın sayı daha da çoxaldı. Məni axtaranlar artıb. Tam səmimi deyirəm. Vəzifədə olanda çox adamla təmasda ola bilmirsən". 

News24.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "3D" verilişinin qonağı sabiq Təhsil naziri Misir Mərdanov deyib. 

Sabiq nazir vəzifədə olanda da, indi də heç bir bankda pulu olmadığını deyib: "Əvvəl də, indi də mənim nəyim varsa, evdə və ya cibimdə olub". 

Dadaşlinskinin "indi hər kəs təhsildən narazıdır, bunun səbəbini özünüzdə görürsünüzmü?" sualına Misir Mərdanov belə cavab verib: "Akademik Mehdi Mehdizadə məndən əvvəl Maarif naziri kimi 25 il işləyib. Təhsil elə bir sahədir ki, ondan dünyanın heç bir ölkəsində hamı razı olmayıb. Mən işləyən dövrdə də, hazırda da narazılıqlar var, olub, olacaq. Buna normal baxmaq lazımdır". 

Sabiq nazir vəzifədə olduğu müddətdəki fəaliyyətindən razı olduğunu bildirib: "Fikrimcə, imkanlarım daxilində ölkənin təhsilinə xidmət etməyə çalışmışam. 15 illik Təhsil naziri işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb ki, indi fikirləşim, kaş onu ləğv edərdim". 

Misir Mərdanov jurnalistlərin suallarını çox vaxt cavabsız qoymasında da danışıb: "Bunu ona görə edirəm ki, onlar mənim hazırkı fəaliyyətim barəsində sual vermirlər. Aradan 7 il keçib və mən tamam başqa sferada çalışıram. Bununla bağlı nə sual verirsiniz, buyurun, verin. Məni siyasətə tərəf çəkmək istəyirlər. Əmin olsam ki, verilən suallar qərəzsizdir, hər birinə cavab verməyə hazıram". 

Dadaşlinskinin "siz nazir olduğunuz zaman demişdiniz ki, müəllimin maaşı 2000 manat olsa, şagirdlər repetitor yanına getməz" sözlərinə cavab olaraq sabiq nazir fikirlər bildirib: "Bu mənim arzum olub. Mən o fikiri çox yerdə səsləndirmişdim. Sadəcə televiziya ekranlarında yox, iclaslarda, müzakirlərdə bu barədə danışmışdıq. Nəticə də belə olmuşdu ki, pillə-pillə müəllimlərin əməkhaqqısı qalxmalı idi. İndi sevinirəm ki, zaman keçdikcə Azərbaycanda müəllimlərin maaşı ildən-ilə artır. Yəni mənim arzum, istəyim, dediklərim həqiqətə çevirilir.

Misir Mərdanov Bakı Slavyan Universitetində Primakovun xatirəsinə keçirilmiş esse müsabiqəsi barədə bunları deyib: "Mən o işə qoşula bilmərəm. Çünki Primakovun kim olduğu və Azərbaycan millətinə qarşı hansı addımlar atdığı gözümün qabağındadır".