Ağdamda yeni məktəb açıldı
    • 7-11-2019, 16:28
    • 1 139

Ağdamda yeni məktəb açıldı

Noyabrın 7-də Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif  Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  
Mərasimdən əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad  ediblər.

Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov  9 Noyabr- Dövlət Bayrağı Günü ərəfəsində  Ağdamda I Yüzbaşılı kənd tam orta məktəbinin  yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib.  Firudin Qurbanov qeyd edib ki, cəbhə zonasında belə bir məktəbin istifadəyə verilməsi çox böyük əhəmiyyətə malikdir. Nazir müavini diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabiliyyətə, eləcə də milli-mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.

Ağdam Rayon İcra  Hakimiyyətinin başçısı Vaqif  Həsənov yeni məktəbin  istifadəyə verilməsi münasibətilə  məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü deyib.

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb.  Məktəb binası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Təhsil müəssisəsində 13 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir.

Sonra  Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Firudin Qurbanov onlarla  səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə tanış olub.  Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman, akt zalları, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb.

Daha sonra məktəbə Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.