Meşəcinsli ağaclar necə əkilməlidir? - FOTO
    • 8-11-2019, 12:56
    • 760

Meşəcinsli ağaclar necə əkilməlidir? - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

News24.az xəbər verir ki. ağacların necə  əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün ETSN-nin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov dağlıq və dağətəyi ərazilərdə meşəcinsli ağacların əkilmə qaydaları, təbii şəraitə və relyefə uyğun ağac seçimi, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələr verib.

Dağlıq və dağətəyi rayonlarda hansı meşəcinsli ağaclar əkilməlidir?
Dağlıq və dağətəyi rayonlarda yerli iqlim şəraitinə uyğun vələs, fıstıq, palıd, adi şam, dəmirağac, ağcaqayın, tozağacı, göyrüş, cökə, ardıc  və s. ağaclar əkilir.

Meşəcinsli ağacları əkərkən nələrə diqqət yetirilməlidir?
Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilməsi torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici və s. məqsəd daşıyır.  Ağaclar  əkilən zaman ilk növbədə yerin seçilməsinə diqqət yetirilməlidir. Əkinin mailliyi 10 dərəcədən yuxarı olan yerlərdə 40-50 sm dərinlikdə və 40-50 sm diametrində şahmat üsulu ilə çala qazılaraq  aparılması məqsədəuyğundur. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Cinslərindən asılı olaraq meşə tingləri terraslarda 2x2, maillik 10 dərəcədən aşağı olan sahələrdə isə 3x1, 3x2,  4x1, 4x2 sxemlərində əkilməlidir. Dağlıq ərazilərdə ağaclar əkilərkən çalaların ətrafı yağış sularının yığılması üçün su saxlayıcı formaya salınmalıdır.  

Dağlıq və dağətəyi ərazilərdə qışı sərt keçən bölgələrdə əkinin yazda   aparılması daha məsləhətdir.  Əgər  tinglər payız mövsümündə əldə olunubsa, yazda əkmək üçün tingləri müvəqqəti basdırmaq lazımdır. Əkiləcək tinglər 2 illik, kök boğazı ən azı 10-12 mm, kök sistemi isə 30-35 sm olmalı, əkilməmişdən  qabaq mil kökləri kəsilməlidir ki, ağac yaxşı inkişaf etsin.

Ağacların  yaxşı inkişaf etməsi və bitiş faizinin yüksək olması üçün eyni zamanda onlara üzvi və mineral gübrə verilməlidir. Azot, fosfor və kalium gübrələrindən də istifadə etmək olar. Əkilən ağaclara mütəmadi xidmət gösrərilməli və suvarma işləri aparılmalıdır. Ağaclara qulluq məqsədilə dibləri yumşaldılmalı (bu proses 2 dəfə suvarmanı əvəz edir), ətrafı alaq otlarından təmizlənməlidir. Budama əsasən əkinin 2-ci ilindən sonra aparılır.