Qənirə Paşayeva:
    • 20-11-2019, 01:38
    • 934

Qənirə Paşayeva: "Məktəblərdə kişi müəllimlərinin sayı maddi-sosial səbəblərdən azalır"

Məktəblərdə ciddi narahatlıq doğuran problemlərdən biri də kişi müəllimlərin sayının getdikcə azalmasıdır.
 
News24.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib. Deputat bunun maddi-sosial səbəblərdən qaynaqlandığını bildirib.
 
Millət vəkili həmçinin müvafiq qurumları orta məktəb müəllimlərinin güzəştli ipoteka şərtlərindən yararlanması üçün müəyyən tədbirlər görməyə səsləyib:
 
“Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzillə bağlıdır. Təklif edirəm ki, orta məktəb müəllimləri də güzəştli ipotekadan yararlanan qrupa aid edilsin və bu məsələyə qısa zamanda baxılsın”.
 
Q.Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışaraq boru xətlərinin dövlət vəsaiti hesabına çəkilməsini xahiş edib:
 
“Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhəllələr yaranıb, amma onlara boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70-80 faizi təbii qazla təmin olunsa da, 20-30 faiz yeni evlərə boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız məhəllələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna kəndlərdə əksər insanın maddi gücü çatmır”.
 
Millət vəkili Sumqayıt şəhərindən, Masazır, Saray və Abşeronun bəzi kəndlərindən Bakıya gələn əsas yolda səhər və axşam saatlarında yaranan dəhşətli tıxacların həll olunması üçün müvafiq qurumlara çağırış edib.